Çində etiraz aksiyaları: Ölkə lideri istefaya çağırıldı

COVID-19 məhdudiyyətlərinə qarşı etirazların artdığı Çində universitetlər semestr bitməmiş tələbələri evlərinə göndərir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Pekin və Quanqcou kimi böyük şəhərlərdə xəstəliyin sürətlə yayılmasını əsas gətirərək bir çox universitet “tələbələri epidemiyadan qorumaq” səbəbi ilə ənənəvi dərsləri dayandırıb və tələbələri evlərinə göndərib.

Maraqlıdır ki, qərar Sincan-Uyğur regionunun mərkəzi Urumçidə karantində olduğu iddia edilən mənzildə baş verən yanğından sonra COVID-19 tədbirlərinə etirazların ölkə daxilində artması ilə eyni vaxtda verilib.

Noyabrın 24-də Urumçidə karantində olduğu iddia edilən mənzildə baş verən yanğında 10 nəfər həyatını itirib.

Yanğın Çində COVID-19 məhdudiyyətlərinə qarşı artan etirazları daha da alovlandırıb. Şanxay, Pekin və digər şəhərlərdə etiraz aksiyaları keçirilib.

Bir çox universitetlərdə yanğın qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri və etiraz nümayişləri də keçirilib.

Əllərində ağ plakatlar daşıyan tələbələr “azadlıq istəyirik” və “karantinə yox” şüarları səsləndiriblər.

Qeyd edək ki, Çində COVID-19 məhdudiyyətlərinə qarşı keçirilən aksiyalara siyasi çalar da qatılıb. Belə ki, etirazçılar Çin rəhbərini istefaya çağırıblar.