ABŞ prezidenti Co Baydenin Böyük Britaniyanın baş naziri Boris Consonla son telefon danışığında müxtəlif mövzuları müzakirə ediblər. Əsas mövzu Çin olub. Ağ Ev sahibi Boris Consona maraqlı təklif irəli sürüb: “Çinin “bir kəmər – bir yol” layihəsinə qarşı oxşar alternativ layihə hazırlamalıyıq”.
Bəllidir ki, Pekinin 2013-cü ildə hazırladığı “bir kəmər – bir yol” layihəsi Çində istehsal edilən məhsulların müxtəlif nəqliyyat yollarıyla dünya bazarlarına çatdırılmasını nəzərdə tutur. Məhsullar həm quru, həm də dəniz yollarıyla bazarlara çatdırılmalıdır.
“Bir kəmər – bir yol” layihəsinin reallaşması Çinin dünyadakı iqtisadi qüdrətini artıracaq. Bu isə Çinin əsas rəqibi ABŞ-nin planlarına ziddir. Ona görə də ABŞ prezidenti Co Bayden Londona yeni model üzərində birgə işləməyi təklif edib. Bayden hesab edir ki, yeni modelin hazırlanmasında Böyük Britaniya ilə yanaşı digər demokratik ölkələr də iştirak etməlidirlər.
Bayden və Conson telefon danışığı zamanı, eyni zamanda Çində uyğurlara qarşı həyata keçirilən zorakılığı da pisləyiblər və Pekinə qarşı sanksiyaların sərtləşdirilməsini vacib hesab ediblər.
Uyğur məsələsinə görə ən sərt qərarları məhz ABŞ və Böyük Britaniya veriblər. Hər iki dövlətin parlamenti uyğulara edilən zorakılığa görə Çinin rəsmilərinə qarşı ünvanlı sanksiyaların tətbiqibini qəbul ediblər.
Pekin sanksiyalara sanksiyalarla cavab verib. Bu o deməkdir ki, uyğur məsələsində Pekinin geri addım atmaq fikri yoxdur. Boris Conson açıqlamasında Pekinin sanksiyalara sanksiyalarla cavab verməsini təhlükəli gedişat adlandırıb.
Bayden və Conson, eyni zamanda pandemiyaya qarşı birgə mübarizə tədbirlərini də müzakirə ediblər. Hər ikisi hesab edib ki, vaksinlərə qlobal səviyyədə əlçatanlıq təmin edilməlidir. Məhz bu şəraitdə pandemiya üzərində qələbə çalmaq olar. Bayden və Conson İranın nüvə anlaşmasına geri qayıtması gərəkdiyini də bildiriblər.
Beləliklə, Vaşinqton və London Çinə qarşı birgə siyasət yürütməyi qərarlaşdırıblar. Böyük Britaniya Avropa İttifaqından çıxmasaydı London Brüsselin təlimatları əsasında hərəkət etməliydi. Brüssel isə London və Vaşinqtondan fərqli olaraq Pekinlə dialoqu davam etdirməyə üstünlük verir. Halbuki artıq Brüsseldə də bu qərara gəliblər ki, imperiya ambisiyaları artan Çin getdikcə Avropa İttifaqı üçün də təhlükəli hala gəlir.
Böyük Britaniya Çinlə bağlı Vaşinqtonla birgə hərəkət etməyə üstünlük verir. Təsadüfi deyil ki, Böyük Britaniyanın yeni təhlükəsizlik konsepsiyasında problem yaradan iki rəqib dövlətdən biri Çin, digəri Rusiyadır. Ancaq təhlükəli ölkələr siyahısında Çini Rusiyadan ön sırada yerləşdiriblər. Ağ Ev üçün də təhlükəli ölkələr siyahısında Çin Rusiyadan öndə gəlir. Halbuki “soyuq müharibə” illərində Vaşinqton və London Çinlə əməkdaşlığa üstünlük verir, SSRİ ilə mübarizə aparırdılar. İndi isə Vaşinqton və London üçün SSRİ-ni Çin əvəz edib.
Böyük Britaniyanın yeni təhlükəsizlik konsepsiyasında ABŞ birmənalı şəkildə müttəfiq adlandırılıb. Bu o deməkdir ki, hər iki dövlət xarici və təhlükəsizlik siyasətlərini razılaşdıracaqlar.
Çinlə Qərb arasındakı qarşıdurma gələcək illərdə də davam edəcək. Qərb ölkələri Çin rəsmiləri və şirkətləri ilə bağlı sanksiyalar qəbul edəcək, öz növbəsində isə Pekin Qərb rəsmilərinə və şirkətlərinə qarşı sanksiyalara baş vuracaq. Gərglik artarsa, hər iki tərəf səfirlərin geri çağrılmasına qədər addımlar ata bilərlər.
“Atlas” Araşdırmalar Mərkəzi