Çingiz Abdullayev “Neftçi”dən istefa verdi? – RƏSMİ AÇIQLAMA

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev postundan gedib. Fanat.Az-ın məlumatına görə, xalq yazıçısı klubu tabeliyində saxlayan AFFA məmurlarıyla bir sıra məsələlərdə həmfikir olmadığına görə “ağ-qaralar”la vidalaşıb.

Klubun büdcəsi artırılandan, bu qış transferlərə kifayət qədər ciddi məbləğlər xərclənəndən sonra “yuxarılar” Elşad Nəsirov – Elxan Məmmədov cütlüyünün qarşısına avrokuboklara vəsiqə tələbi qoyub. Şübhəsiz, Bakı təmsilçisinin meydanda oynadığı futbolla hamilərinin üzünü ağ edəcəyinə kimsə təminat verə bilməz. Bu səbəbdən pərdəarxası oyunlar da qaçılmazdı. Özünəməxsus fikirləriylə, AFFA məmurlarının kefini pozan açıqlamalarıyla ara-sıra gündəmə gələn Çingiz bəyi əsas maneə sayanları anlamaq çətin deyil. MŞ sədrinin uzun müddətdir görünməməsi, yenilənmiş heyət və hədəflərlə bağlı heç nə deməməsi də göz qabağındadır. Bəli, futbolun iyrəncliklərini son vaxtlar görən Abdullayev xoşagəlməz gedişlərə susaraq baxmaq istəməyib.

Məsələ ilə bağlı “Netçi” klubunun Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyevlə əlaqə saxladıq. O, Yeniçağ.az-a xəbərin doğru olmadığını dedi:

“Sözün düzü, Çingiz Abdullayevin postunu tərk etməsi və ya elə indilərdə tərk edəcəyi ilə bağlı suallarla ötən ilin, demək olar ki, hər ayında qarşılaşmışıq. Belə şayiələrin klubdaxili və komandadaxili atmosferə təsir etmək məqsədi daşıdığını düşünmək istəməzdik, lakin ağıla başqa bir fikir gəlmir.

Qışda kamanda tamamilə dəyişib. Komandamız bu yaxınlarda Antaliyadan geri qayıdıb. “Qarabağ”la heç də pis olmayan görüş keçirib, heç-heçə edib. Yəni layiqli futbol nümayiş olunub. Növbəti oyuna bir gün qalmış isə belə şayiələr yayılıb. Yəqin kimsə “Neftçi”nin özünə gəlməsini heç istəmir. Çingiz Abdullayev postunu tərk etməyə hazırlaşmır və klub rəhbərliyi ilə AFFA arasında heç bir problem yoxdur, ola da bilməz”.

Aygün İlqarqızı
Yenicag.az