“Azərbaycanda yazıçı kitab yazır və onu çap etmək üçün özü pul axtarır”.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyanın heç bir yerində belə hal yoxdur:
“Yazıçı pul tapır, yazdığını çap etdirir. Sonra da nəşriyyat deyir ki, sənə bunu çap etmişəm və indi özün satmalısan. Bu, düzgün deyil. Bizim ölkədə də bu sahə ilə bağlı fond olmalıdır. Nəticədə yazıçı kitabın nəşrinə pul verməməli, qonorar almalıdır”.
Yazıçı əlavə edib ki, Azərbaycan yazıçılarının kitabları xarici ölkələrdə çox az satılır:
“Bununla bağlı da addımlar atmalıyıq. Bu gün kitablar yavaş-yavaş elektron versiyaya keçir. Biz də bu versiya ilə kitablarımızı dünyaya tanıda bilərik”.
O qeyd edib ki, ölkədə kitab oxuyan az deyil:
“Deyirlər ki, kitab oxuyan yoxdur. Bu, düzgün deyil. Ölkəmizdə yetərincə oxucular var”.