Çinin Azərbaycanda da məşhurlaşan “Changan” avtomobillərinin yararsızlığından və servisin yarıtmazlığından narazı olanların sayı sürətlə çoxalır.
Yenicag.az xəbər verir ki, “Changan”ın keyfiyyətsizliyindən şikayətlənənlər arasında müxtəlif insanlarla yanaşı, avtomobil ticarəti ilə məşğul olanlar da var.
Adıçəkilən avtomobillə bağlı üzləşdikləri problemlərin həlli üçün “Changan Azerbaijan”dan müsbət nəticə əldə edə bilməyən şikayətçilər çıxış yolu kimi öz dərdlərini sosial şəbəkələr vasitəsilə ictimailəşdirirlər.
Göründüyü qədər, “Changan” sahiblərinin bir çoxunun problemi o dərəcədə mürəkkəbləşib ki, narazı vətəndaşlar artıq medianın bu məsələyə müdaxilə edərək onlara yardımçı olmağını gözləyirlər.
“Changan” sahiblərinin bəzilərinin sosial şəbəkə və mediada işıqlandırılan problemlərini diqqətə çatdırırıq.
Bu şikayətdə “Changan Azerbaijan”ın rəsmi zəmanət əsasında üzərinə götürdüyü öhdəliyi pozaraq avtomobilin ödənişsiz təmirindən boyun qaçırdığı, bunun üçün müştəridən böyük məbləğdə pul tələb etdiyi bildirilir:
“Bir ay öncə 47 min manata aldığım dizel mühərrikli avtomobilin yanacaq nasosu və yanacaq sisteminə aid bir neçə detalı xarab olub. 5 illik zəmanət və kasko sığortamın olmasına baxmayaraq, şirkət təmirdən boyun qaçırır. Hətta yaranan nasazlığa mənim özümün səbəb olduğum bildirilərək maşının təmiri üçün şirkət məndən 8500 manata yaxın pul tələb edir. Lakin şirkət mənə maşını aldığım zaman hər hansı problemin yaranacağı təqdirdə, özlərinin həll edəcəyini bildirmişdi”.
Digər şikayətdə isə “Changan Azerbaijan”ın qəzaya uğramış avtomobilin zəruri ehtiyat hissəsini artıq 9 aydır ki, “tapa” bilmədiyi və bu halın gülüş doğurduğu qeyd olunub:
“Changan Azerbaijan” artıq 9 aydır, Müşviq İskəndərovun maşınını təmir edib ona verə bilmir. Rəsmi təmsilçidən 0 km maşın alırsan və rəsmi servis təminatın olur. Ancaq ilk qəzada 9 aydır rəsmi servisin maşının detalını tapıb gətirə bilmədiyini təsəvvür edin. Bir şirkət özü-özünü ancaq bu qədər bazarda və potensial müştərilərin gözündən sala bilərdi. Belə təcrübədən sonra adam niyə “Changan”dan avtomobil alsın ki? Əslində, detal həqiqətən belə yoxa çıxıbsa, ən doğru yol sənə inanıb, məhsulunu alan müştərini çətin vəziyyətdə qoymaqdansa, ya ona avtomobilin ödənişini geri qaytarmaq, ya da yeni avtomobil vermək idi. Bu qədər sadə həll oluna bilən məsələnin uzanması gülməlidir”.
Başqa bir şikayətçi isə “Changan Azerbaijan” tərəfindən süründürməçiliyə məruz qaldığı üçün şirkəti məhkəməyə verəcəyini bəyan edib:
“Servisdən 0 km “Changan” avtomobili aldıq. Cəmi iki gün sonra istifadə etmək istərkən, maşının uzaq işıqlarının işləmədiyinin fərqinə vardıq. Problemin həll olunması üçün maşını servisə apardıq. “Avtomobil müayinədən keçəcək, sabah gəlin”, “Detal gətiriləcək, birisi gün gəlin”, – deyə-deyə iş günlərimizdə və iş saatlarımızda vaxtımızı alaraq bizi get-gələ saldılar. Ortada isə heç bir nəticə yox. Həm işimizi uzatdıqları, həm gözləməyimiz, həm də səhlənkarlığa görə məhkəməyə müraciət edib, servislə bağlı lazımi tədbirlərin görülməsini tələb edəcəm”.
Bu, “Changan Azerbaijan”la bağlı şikayətlərin sadəcə, kiçik bir qismi olsa da, onlara əsasən, şirkətin avtomobil sahiblərinə yaşatdığı problemlərin ağırlığını təsəvvür etmək mümkündür. İstənilən şirkətin müştəri məmnunluğu qarşılığında öz reputasiyasını möhkəmləndirməsi təcrübəsi deyəsən, “Changan Azerbaijan” üçün qətiyyən aktual deyil.
Mövzunu davam etdirəcəyik.
Nəsimi Ələsgərli