Bu gün dünyada Ümumdünya Əl Yuma Günü qeyd edilir.
Yenicag.az xəbər verir ki, Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin açıqladığı məlumatda bildirilir ki, BMT Uşaq Fondu 2008-ci ildə BMT-nin Baş Assambleyasının iclasında hər il 15 oktyabrı rəsmi olaraq “Ümumdünya Əl Yuma Günü” kimi elan edib.
BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin qənaətinə görə “çirkli əllər”dən yaranan xəstəliklər qlobal səviyyədə fəlakətə yol aça bilər.
Çirkli əllərdən insan orqanizminə bir çox qorxulu xəstəliklərin patogenləri: vəba, pnevmoniya virusu, hepatit, qrip və kəskin resperator virus infeksiyaları daxil olur. “Çirkli əllər” Asiya və Afrika ölkələrində uşaq ölümləri sayının yüksək olmasının əsas səbəbidir. Belə ki, əl yumamaq difteriya, sətəlcəm, hepatit, qrip, göz infeksiyası, qotur xəstəliyi və müxtəlif növ göbələk xəstəliklərinin yaranmasının əsas faktorlarından biridir.
UNİCEF-in məlumatına görə, dünyada hər gün təkcə ishaldan (bu vəziyyəti “çirkli əllər xəstəliyi” də adlandırırlar) beş minə yaxın uşaq tələf olur. Əgər onlar tualetdən və yemək yeməzdən əvvəl əllərini sabunla yumuş olsaydılar bu sayı yarıya qədər azaltmaqla ölümün qarşısını almaq mümkün olardı. Buna görə də adi görünən bu gigiyenik prosedur hər gün minlərlə uşağın həyatını xilas edir.
BMT-nin dəstəyi ilə bu istiqamətdə keçirilən tədbirlərin məqsədi ictimaiyyəti bu sadə lakin çox əhəmiyyətli olan gigiyenik prosedura əməl etməyə və bununla da xəstəliklərin qarşısını almağa çağırmaqdır.
Bu gün bir çox ölkələrdə kütləvi informasiya vasitələri gigiyena qaydalarına əməl etmə kampaniyaları keçirir. Azərbaycanda da bu yöndə maarifləndirmə tədbirləri aparılır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün mütəmadi olaraq xəstəliklərin profilaktikası məqsədilə çap materialları hazırlanır, məktəblərdə maarifləndirmə işi aparılır./e-tibb.az/