Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirildi – FOTOLAR

8 dekabr 2019-ci il tarixində Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirilib.

Yenicag.az xəbər verir ki, “Avrasiya Kuboku” adı altında keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Belarusiya, Gürcüstan olmaqla beş ölkənin idmançıları öz güclərini sınayıblar.

Yüzdən çox idmançının iştirak etdiyi və beynəlxalq qaydalarla tənzimlənən turnir “ful kontakt” və “klouz kontakt” versiyaları üzrə uşaqlar, yeniyetmə və gənclər arasında müxtəlif çəki dərəcələrində keçirilmişdir.

Açılış sözü ilə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov ilk olaraq turnirdə iştirak edən idmançıları salamlamış və onlara müvəffəqiyyətlər arzulamışdır. Çıxışının davamı olaraq o Avrasiya Kombat Ciu-Citsu Federasiyasının il ərzində Azərbaycanda və beynəlxalq müstəvidə gördüyü işlərlə bağlı qonaqlara məlumat vermişdir:

“Gördüyümüz işlərin bir çoxu cənab prezidentimiz İlham Əliyevin idmana diqqət və qayğısının bəhrəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün beynəlxalq təşkilatın mərkəzi Azərbaycanda yerləşir. Biz əlimizdən gəldiyi qədər onun bu siyasətinin layiqli davamçıları olmağa çalışırıq.”

Sonra açılış mərasimində yarışın baş hakimi, Dünya Kombat Ciu-Citsu Federasiyasının hakimlər kollegiyasının sədri, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, Respublikanın əməkdar məşqçisi Rəsul Məmmədov da çıxış etmişdir. O çıxışı zamanı bu idman növünün ölkəmizdə günü-gündən yayılmasından danışıb və bu yolda bundan sonra da əlindən gələni edəcəyini vurğulayıb.

Çıxışlardan sonra yarışa start verilib və idmançılar öz güclərini sınayıblar. Onu da qeyd edək ki, turnirdə müvəffəqiyyət əldə etmiş idmançıların sayına görə Azərbaycan birinci yeri tutmuşdur. Azərbaycandan sonra sıra ilə Belarus ikinci, Gürcüstan üçüncü, İran dördüncü, Rusiya isə beşinci yerdə qərarlaşmışdır.

 

COP29