“Coca-Cola”dan erməni separatçılarına maddi-mənəvi dəstək – VİDEO

Azərbaycanın sərinləşdirici içkilər bazarında geniş yer tutan “The Coca-Cola Company” Dağlıq Qarabağdakı qondarma rejimə maddi dəstək verir.

Yenicag.az-ın məlumatına görə, “The Coca-Cola Company” separatçı rejimin Xocalıda keçirdiyi “Artsax Airfest”” sərgisinə sponsorluq edib.

Şirkət bununla rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərmək qadağasını pozmaqla yanaşı, həm də qondarma rejimin təşkil etdiyi tədbiri maliyyələşdirib.

Azərbaycan bazarında hələ ötən əsrdən möhkəmlənən və ölkəmizdəki satış hesabına böyük gəlir əldə edən “The Coca-Cola Company”nin bu arzuolunmaz “xeyriyyəçiliyi”nə rəsmi Bakının necə reaksiya verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, “Coca-Cola” şirkəti bu xəbərlə bağlı açıqlama verib. Verilən məlumatda bildirilib ki, nə “Coca-Cola” şirkəti, nə də onun Ermənistandakı rəsmi tərəfdaşı olan “Coca-Cola Hellenic Bottling Company” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir ictimai tədbirə sponsorluq etməyib.

“Coca-Cola” şirkəti məhsullarının istehsalı, daşınması və satışını həyata keçirən 250 tərəfdaşı ilə 200-dən çox ölkədə təmsil olunur. Bizim tərəfdaşlarımız məhsullarımızın satışını yerli distributorlar və minlərlə satış nöqtələri vasitələri ilə həyata keçirirlər.

Səxavət Məmməd