!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cocuq Mərcanlının cocuqları... - FOTOREPORTAJ

!Reklam – Yazi

“İmdad” dediyimiz anda ilk olaraq yardıma onlar qaçmışdı. Onda biz doğma Ağdamdan məcburi köçkün düşüb, özümüzü çölün ortasında tapmışdıq. Ana laylasının top-tüfəng səsi ilə əvəzləndiyi bir anda, məcburiyyət bərli-bəzəkli evimizi parçadan olan çadırlarla əvəzləmişdi. Üstündə türkün simvolu olan ay-ulduzlu çadırlar… Onda biz uşaq idik, bunun nə olduğunu başa düşəcək yaşda da deyildik. 5 yaşlı körpə nə biləydi ki, bizə imdad əlini uzadan can qardaşlarımızdır, “Türk Kızılayı”dır…

Çörək növbəsi, bizə paylanılan yardımlar, ərzaqlar, pal-paltarlar… Bütün bunlar “müharibə uşağı” olan bəndənizin cocuqluq xatirələrinin menyusuna daxildir.

Biz həmin vaxt komfort da axtarmırdıq. Düzü, komfort sözünü də böyüyəndən sonra öyrənmişəm. Dörd mıxça ilə yerə bərkidilən, şoran torpaq üzərində qurulan, polu olmayan çadırda rahatlıq axtarmaq həmin dönəm üçün naşükürlük olardı. Bizə sadəcə, gecələr çöldə yatmamaq üçün bir daldanacaq lazım idi, daldalanacaq…

Külək vıyıltısının kəsmədiyi gecələrin səhərində gözlərimi hər gün eyni hisslərlə açırdım. Oyanar-oyanmaz gözüm xalçaya sataşırdı. Elə bilirdim ki, Ağdama qayıtmışıq, öz evimizdəyəm. Öyrəşə bilməmişdim. Əslində bu, övladlarına soyuq olmasın deyə, çadırın iç tərəfindən “divar”a bərkidilmiş anamın cehizlik xalçası idi… Qanmırdım ki…

İndi hər gün Ağdama qayıtmaq arzusu ilə yaşayan o qanmaz uşağın 29 yaşı olub artıq. Görəsən, Azərbaycanın çətin dönəmində Türkiyə bizə yardım əlini uzatmayıb, öz qardaşlığını göstərməsəydi, indi var olardıqmı? Bəlkə də, ya xəstəlikdən, ya da aclıqdan çoxdan məhv olmuşduq.

Bütün bu acı xatirələri xatırlamağıma səbəb Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və xanımı Meltem Özoralın təşəbbüsü, TÜİB-in təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə təşkil edilən səfərdir. Oradakı uşaqların baxışında, üz cizgilərində, ana qucağında ağlayan körpənin “inqə”sində, birinin burnunu qurcalamasında özümü tapdım. Türk iş adamlarının Qarabağ torpağına səfəri kənd sakinlərinin özlərinin də, gül balalarının da sevincinə səbəb olmuşdu.

Allaha şükür, Azərbaycan 90-cı illərdəki kimi deyil. Dövlətimiz həmin illərdən fərqli olaraq, artıq “imdada koşan” dövlətdir. Müharibə illərindəki çadırları artıq bir neçə otaqlı, daha rahat şəraiti olan daş evlər əvəz edir.

Buna baxmayaraq, Türkiyə yenə can qardaşının yanında olduğunu göstərir. Türkiyəli iş adamlarının Cocuq Mərcanlıya səfər edib, xüsusən gül balalara sevinc dolu anlar yaşatması da bunun sübutudur və təqdirəlayiqdir. Ən azından bu səfər nəticəsində uşaqlar Cocuq Mərcanlı səmasında çərpələng uçurdular, bəlkə də həyatlarında ilk dəfə “Büyükfırat” markalı türk dönərinin dadına baxdılar, müxtəlif oyunlar oynadılar, hədiyyələr aldılar.

Bəlkə də bütün bunlar kimlər üçünsə adi səslənə, sadə görünə bilər. Amma inanın, “müharibə uşaqları” üçün bu dəyəri biçilməz bir şeydir.

Bu səfər bir daha Azərbaycanla Türkiyənin sözdə deyil, əməldə bir millət, iki dövlət olduğunu göstərdi. Ən azından bilirik ki, niyyətləri saf olan türkiyəli iş adamlarının arzusu bizimki ilə eynidir: Cocuq Mərcanlıdan Şuşaya, Xankəndinə, Ağdama yollanmaq. Tanrı ən qısa zamanda bizlərə o xoşbəxt anları da qismət etsin. Tanrı türkü qorusun!

Emin Səfərov
Bakı – Cocuq Mərcanlı – Bakı

www.yenicag.az

1958
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv