Cocuq-Mərcanlı kəndinə ikinci köç dekabr ayının 15-dək başlayacaq.
Bu barədə Yenicag.az-a Cəbrayıl rayon, şəhid Novruz Aslanov adına Cocuq-Mərcanlı tam orta məktəbin direktoru Zamin Həziyev bildirib. Direktorun sözlərinə görə, ikinci köç dekabr ayının ilk yarım rübünə planlaşdırılır:
“Qəsəbədə 100 ev, poçt binası, icra nümayəndəliyinin inzibati binası, uşaq bağçası hazır vəziyyətə gətirilib. Yollar abadlaşdırılıb. Ümumilikdə qəsəbə ikinci köçə tam hazırdır. Sakinlərin qəsəbəyə gəlişini gözləyirik”.
Z.Həziyev, həmçinin qeyd edib ki, qəsəbəyə internet, qaz xəttinin çəkilişi artıq başa çatıb.
Xatırladaq ki, ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Ümumilikdə isə ikinci mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb.