“COP29-a sədrliyimiz bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaqdır” – Nazir

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.

Bu barədə Yenicag.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının “Dayanıqlılıq Həftəsi” çərçivəsində “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda keçirilən sessiyada çıxış edib.

P.Şahbazov deyib ki, enerji təhlükəsizliyinə əlçatanlıq və dayanıqlılığa cavab verən bərpa olunan enerji Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında “təmiz ətraf mühit” və “yaşıl artım” prioritetinin icrasının əsas hərəkətverici qüvvəsidir, enerji təchizatında ölkənin mövqeyini möhkəmləndirən yeni mənbədir: ”

Bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycan beynəlxalq enerji şirkətləri ilə 28 QVt “yaşıl enerji”, hidrogen və “yaşıl ammonyak” layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq edir, hazırda elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 33%-ə yüksəldəcək 2 QVt-lıq “yaşıl enerji” güclərinin enerji sisteminə inteqrasiyasını həyata keçirir. Bu çərçivədə bu il ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq. Paralel olaraq, ilkin mərhədə 5 QVt “yaşıl elektrik”, “yaşıl qaz”ların ixracı üçün “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”ni nəql edəcək “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atılır”.

Nazirin sözlərinə görə, Azərbaycanın bərpa olunan enerjinin inkişafına BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” ilə yanaşı, post-münaqişə quruculuğu kontekstində yanaşması azad edilmiş ərazilərdə “yaşıl enerji zona”larının yaradılmasına da təkan verib:

“Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizi xalis sıfır emissiyalı enerji sisteminə doğru aparan yolun əhəmiyyətli hissəsidir. “İnanırıq ki, “yaşıl enerji” üzrə fəaliyyətimiz və COP29-a sədrliyimiz BMT ilə əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından olan hazırkı prosesə layiqli töhfəsini verəcək və bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaqdır,” deyə P.Şahbazov əlavə edib.

COP29