COP29: “Bu məsələlər ilk dəfə müzakirə predmeti olacaq”

“COP29 çox önəmli və qlobal miqyaslı tədbirdir. Bu tədbirin Azərbaycanda keçirilməsi inam, etimadın göstəricisidir. Hətta Ermənistan özü də bu tədbirin Azərbaycanda keçirilməsinin leyhinə çıxış edib. Azərbaycan da COP-un bürosunda Ermənistan təmsilçiliyi üçün addımlar atacağı barədə razılaşma əldə olunub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, ötən ilin dekabrında əldə olunan razışlaşma tarixi nailiyyət kimi qiymətləndirilə bilər.

“Bu, Azərbaycan-Ermənistan arasında sülh üçün çox önəmli addımdır. Eyni zamanda, COP29-a ekologiya sahəsində dünyanın aparıcı mütəxəssisləri, dövlət və hökumət başçıları iştirak edəcəklər. Bu tədbir ekologiya ilə yanaşı, siyasi məqsədlər daşıyır. Bir tərəfdən ölkəmizin fəal təbliğatı, görülmüş işlər, yaşıl enerjiyə keçid sahəsində ölkəmizin əldə etdiyi uğurlar, Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması və burada ağıllı kənd, ağıllı şəhərlərin salınması, xüsusilə, Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən ölkəmizdə alternativ və bərpa olunan enerjiyə sərmayələrin yatırılması, bütün bunlar proyektiv gedişlər üçün önəmlidir. Eyni zamanda, bir sıra yeniliklər də gözlənilir”, – deyə politoloq qeyd edib.

COP29-un Ermənistan-Azərbaycan arasındakı sülh danışıqlarına ola biləcək töhfəsindən danışan politoloq qeyd edib ki, bu tədbirdə, xüsusilə, ərazilərimizin minalardan təmizlənməsi, ölkəmizin bu sahədə olan çətinləri, işğal dövründə milyonlarla minanın basdırlmasının kənd təsərrüfatına vurduğu ziyan və bu kimi məsələlər də ilk dəfə müzakirə obyekti olacaq.

“Ermənistanın burada iştirakı həm də Cənubi Qafqazda etimadın formalaşması üçün önəmli göstərici hesab oluna bilər. Buna görə də, Azərbaycan COP29 tədbirinə Ermənistan nümayəndəsini dəvət edib. Ermənistan rəsmilərinin bu tədbirdə iştirak etməsi həm də qarşıdakı dövrdə sülh təşəbbüsləri üçün mühüm bir nəticə hesab oluna bilər. Beləliklə, ekologiya sahəsində olan problemlərin müzakirəsi ilə sülhün sabitliyinin formalaşdırılmasını əldə edəcəyik”, – deyə o bildirib.

Mayıl Soltanov

COP29