“Ölkəmiz həm beynəlxalq tədbirlərin keçirilməsi, həm də bu cür beynəlxalq problemin həllinə vasitəçilik, ev sahibliyi etmək baxımından böyük təcrübə qazanacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında COP29 tədbirinin keçirilməsinin Azərbaycanın beynəlxalq nüfuzuna təsiri barədə danışan Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Onun sözlərinə görə, COP29 kimi bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin və dünya həyatında beynəlxalq hadisədir.
“Azərbaycan ilk dəfə bu böyüklükdə beynəlxalq tədbirə ev sahibliyi edəcək. Ölkəmizə 100-ə qədər dövlət başçıları təşrif buyuracaq. Dediyim kimi, bu tədbirin keçirilməsi ölkəmizin tarixində ilk hadisə olacaq və hər bir ölkənin bu cür tədbir keçirmək kimi arzusu var. Dünyanın ən aparıcı ölkələri bu kimi tədbirlərə ev sahibliyi edib. Təbii ki, Azərbaycanın da bu ölkələrin siyahısına qoşulması dövlətimiz adına böyük hadisədir. Bütün dünya mətbuatı, televiziyaları bu tədbiri öz platforma və kanallarında işıqlandıracaq. Azərbaycan bəlkə milyardlarla vəsait xərcləsəydi belə, bu qədər öz turizm reklamını qura bilməzdi. Bu, ölkəmizin turizm potensialının reklam olunması, tanıdılmasına və Azərbaycanın dünyada tanıdılmasında önəmli rol oynayacaq, ölkəmizin imkanlarını, potensialını dünyaya tanıdacaq”, – deyə o əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycan hazırda regionda aparıcı dövlət olsa da, region dövlətləri, xüsusilə Ermənistanla hələ də az qala müharibə vəziyyətindədir, İranla müəyyən gərgin münasibətlərimiz var.
“Ölkəmizə gələn jurnalistlərin, dünya liderlərinin, dövlət başçılarının parlementarilərinin və müxtəlif vəzifə daşıyıcılarının ölkəmizdə olması Azərbaycan həqiqətlərinin daha yaxından öyrənmələrinə səbəb olacaq, ölkəmizin beynəlxalq nüfuzunun artması bu sahədə xeyli irəliləyəcək.
Digər vacib məsələ isə iqlim dəyişikliyi ilə bağlı həm də Azərbaycanın bu sahədə öncül rol almasına səbəb olacaq. Ölkəmiz də iqlim dəyişikliyindən ziyan çəkən ölkələr sırasındadır. Azərbaycan məhz ilk olaraq Bakı platformasında dünyanın iqlim probleminin həll olunması üçün trilyon dollarlıq büdcə formalaşdırılaraq, bir fond yaradılsın ki, məhz iqlim dəyişikliyi ilə bağlı bu fond məşğul olsun. Təbii ki, bunun Azərbaycan platformasında yaradılması və dünyanın bu gün qarşısında duran ən böyük problemə Azərbaycanda həll yolu danışılıb tapılması ölkəmiz adına böyük hadisə olacaq və ölkəmiz də bundan yararlanacaq. Ölkəmiz həm beynəlxalq tədbirlərin keçirilməsi, həm də bu cür beynəlxalq problemin həllinə vasitəçilik, ev sahibliyi etmək baxımından böyük təcrübə qazanacaq. Bu da ölkəmizin qarşısında duran problemlərin həllində həm dövlət orqanlarına, həm təşkilatlarımıza, həm də ölkəmizə böyük təcrübə qazandırmış olacaq. Ona görə də ölkəmizin COP29-a ev sahibliyi etməsi ölkəmiz adına böyük şərəfdir, müsbət haldır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi