Məlumunuzdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu il çərçivəsində Gənclərin Töhfəsi İctimai Birliyi, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi və Qida Təhlükəsizliyi Hərəkatının birgə təşkilatçılığı ilə aparılan dövlət siyasətinə ictimai dəstək məqsədilə “Yaşıl Dünya Naminə” 1-ci Networking Forumu keçiriləcək. Forum çərçivəsində silsilə tədbirlərlərin keçirilməsi nəzərdə tutulub.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – kimi mötəbər bir tədbirin COP29 Azərbaycanda keçirilməsini vətəndaş cəmiyyəti institutları olaraq yüksək qiymətləndiririk. Bu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük hörmət və etimadın göstəricisidir.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik, bununla da ölkəmiz, xalqımız növbəti böyük uğura imza atacaq, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə inkişafı, yaşıl enerji ilə bağlı layihələrin həyata keçirilməsi, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioriteti olduğunu dünyaya göstərəcək. COP 29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək. Təxmini ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir və məhz bu ildə belə mötəbər tədbirlə Azərbaycan dünyaya öz qüdrətini göstərməyə nail olacaq.