“ABŞ və Qərb ölkələrinin Azərbaycan əleyhinə apardığı kampaniyaların heç bir əhəmiyyəti yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, COP29-a Azərbaycan böyük uğurla ev sahibliyi etdi:
“Təbii, biz nəzərə almalıyıq ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə yanaşı, həm də, eyni zamanda, necə güclü, qlobal, təşəbbüskar ölkə olduğunu sübut etdi. Çünki Azərbaycan 2035-ci ilə qədər ümumi olaraq 1,3 trilyon dollar maliyyələşmə məsələsinin müzakirəsinə nail oldu. Təbii ki, 300 milyard dollarlıq maliyyə hədəfinə nail olması Azərbaycanın COP29 çərçivəsində bəxş etdiyi ən önəmli qlobal töhfələrdən biridir”.
Politoloq dünyada bəzi aparıcı dövlətlərin iqlim məsələsinə yanaşmalarını qeyri-səmimi hesab edir.
“Bundan əlavə, bu gün dünyada iqlim məsələlərindən bəhs edən bəzi ölkələr əsla səmimi deyillər. Bu qeyri-səmimilik içərisində özəlliklə ABŞ və Qərb ölkələri xüsusi fərqlənirlər. Atmosferi daha çox çirkləndirən, eyni zamanda, qlobal iqlim məsələlərinə də ən çox məsuliyyətsiz yanaşanlar məhz Qərb coğrafiyasından olanlardır. Ona görə də bu gün onların Azərbaycan əleyhinə olan kampaniyaları aktivləşdirilmiş formada idi. Amma Azərbaycan Qərbə, o cümlədən bütün dünyaya nümayiş etdirdi ki, ekoloji məsələlərə, ətraf mühitin təhlükəsizliyi ilə bağlı məsələlərdə mütləq şəkildə qlobal həmrəylik şüuru olmalıdır”, – deyə o əlavə edib.
“Təbii ki, dünyada bu qlobal həmrəylik şüurunu Fransa, Qərbin bəlli dairələrinin olmasına rəğmən, Azərbaycan bu prosesi uğurla yerinə yetirdi. Nəticədə də Bakıda bir çox kasıb, kiçik ada dövlətlərinin taleyi ilə bağlı çox ciddi addımlar atıldı”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov