11-22 noyabrda Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində yol hərəkətinin fasiləsiz və təhlükəsiz təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gündüz saatlarında keçirilən monitorinqlər uğurla başa çatdırılıb.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müvafiq avtomobillərin hərəkəti test edilib.
20-dən artıq avtomobil və 15 avtobusun cəlb edilməsi ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən reallaşdırılan monitorinq tədbirləri zamanı yol hərəkətinə məhdudiyyətlər tətbiq edilməyib.