Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyi ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizə strategiyasını nümayiş etdirir.
Yenicag.az xəbər verir ki, bu barədə “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin açıqlamasında bildirilir.
Açıqlamada qeyd olunur ki, Azərbaycan ekoloji problemlərin həllinə, ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir, bu istiqamətdə davamlı tədbirlər görülür:
“Yaşıl texnologiyalara, innovasiyaların tətbiqinə, enerji səmərəliliyinə və ekoloji cəhətdən təmiz təcrübələrə sərmayə qoyulması və onların təşviqi ətraf mühitin qorunmasına öz töhfəsini verir. Ölkənin istixana qazlarının tullantılarını azaltmaq səyləri, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməsi, azad olunan ərazilərin “yaşıl zona”ya çevirilməsi müsbət addımlar kimi qiymətləndirilə bilər. Azərbaycan emissiya hədəflərini müəyyənləşdirən və davamlı təcrübələri təşviq edən hərtərəfli və möhkəm qanunvericiliyə malikdir.
Beynəlxalq sazişlərdə və əməkdaşlıqlarda fəal iştirak iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə sadiqliyi əks etdirir. Bu baxımdan Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə mühüm töhfə verəcək.
80 minə qədər nümayəndənin iştirak edəcəyi COP29 tədbiri Azərbaycanın ekoloji məsələlərdə əldə etdiyi naliyyətlərin nümayişi ilə yanaşı, Ermənistanın işğal dövründə Qarabağda törətdiyi ekoloji soyqırımla bağlı bütün dünyanı məlumatlandırmaq üçün mühüm formatdır.
Ermənilər 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələrimizi qırıb, nadir və qiymətli ağac növlərini məhv edib, çaylarımızı zərərli tullantılarla çirkləndirib, su anbarlarımızı dağıdıb, biomüxtəlifliyə, təbiət abidələrimizə böyük zərbə vurub. COP29 tədbiri həm də bu həqiqətləri dünyaya yayacaq”, – deyə açıqlamada vurğulanır.
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İB hesab edir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin COP29 Təşkilat Komitəsində təmsil olunması vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakına yol açacaq:
“Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilən çoxsaylı beynəlxalq tədbirləri və ekoloji məsələlərlə bağlı icra edilən uğurlu layihələri nəzərə alsaq, Qeyri-Hökumət Təşkilatları Azərbaycanda keçiriləcək COP29 tədbirinə mühüm töhfə verəcək. Vətəndaş cəmiyyəti üzvlərinin dəstəyilə ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımlar atılacaq, qarşıya qoyulan hədəflərə uğurla nail olunacaq”.
Açıqlamada həmçinin deyilir ki, belə bir tədbirdə fəal iştirak etmək Qeyri-Hökumət Təşkilatları üçün geniş əməkdaşlıq imkanları açır:
“Dünyanın hər yerindən ekspertlərin və maraqlı tərəflərin bir araya gəlməsi vətəndaş cəmiyyəti üzvlərinin beynəlxalq əməkdaşlığı inkişaf etdirməsinə, bilik və təcrübə mübadiləsi aparmasına, beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurmasına kömək edəcək. Ona görə də, ictimai birliklər bu konfransdan mühüm əməkdaşlıq platforması kimi yararlana biləcəklər”.