COP29: “Sülh, turizm və iqlim dəyişiklikləri üçün yeni imkanlar yaranacaq”

“COP 29-dan istifadə etməklə regionumuza sülhün gəlməsi üçün effektiv bir beynəlxalq rəyi formalaşdıra bilərik”.

Bu fikirləri yenicag.az-a açıqlamasında COP29 tədbirinin Azərbaycanda keçirilməsinin ölkəmizə verəcəyi perspektivlər barədə danışan Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, bir neçə gündən sonra ölkəmizdə COP 29 beynəlxalq konfransı keçiriləcək.

“Ümumiyyətlə, COP tədbirinə ev sahibliyi beynəlxalq ictimaiyyətin dəstəyi ilə verilir. Azərbaycanla bağlı bu məsələ müzakirəyə çıxarılanda dünyanın bütün dövlətləri, yəni 200-ə yaxın dövlətin yekdil qərarı olub. Bunun özü ölkəmizin beynəlxalq arenada olan nüfuzun və etimadın göstəricisidir. COP 29-a ev sahibliyimizlə bağlı qərar qəbul olunandan sonra hazırlıq işlərinə çox az vaxt qalmışdı. Əsasən, ölkələr belə tədbirlərə 2-3 ilə ərzində hazırlaşır. Amma bir ildən az bir müddətdə bütün tədbirlərimizi gördük və ölkəmiz COP 29-u qarşılmağa hazırdır. COP29-un ölkəmizə verəcəyi faydaları çox geniş olacaq. İlk növbədə bu, siyasi əhəmiyyətli tədbirdir. Dünyanın yüzdən çox lideri ölkəmizə səfərə gələcək”, – deyə o bildirib.

A.Badamov qeyd edib ki, COP29-dan istifadə etməklə regionumuza sülhün gəlməsi üçün effektiv beynəlxalq rəyi formalaşdıra bilərik.

“Bu da bizə qarşı qarayaxma kampaniya aparan dairələrə mükəmməl bir cavabımız olacaq. COP29 ölkəmizi dünyada daha yaxşı tanıdacaq. Belə ki, ölkəmizin geniş turizm potensialı var. COP29 tədbirləri çərçivəsində ölkəmizə səfər edəcək 80 minə yaxın qonaq ölkəmizin mətbəxi, turizm yerləri ilə tanış olmaq imkanına malik olacaq. Həmin qonaqlar öz ölkələrinə qayıdandan sonra Azərbaycanın turizm sektorunun təbliğatçıları olacaqlar. Həm də COP29 çərçivəsində gələn qonaqlar müəyyən qədər pul vəsaitləri xərcləyəcəklər. Bu da pandemiyadan sonra yenidən nəfəs alan turizm sektorunun canlanmasına yeni bir impuls verəcək. COP29 iqlim dəyişiklikləri ilə bağlı tədbir olduğundan Azərbaycana bərpa olunan enerji sektorunu təbliğ etmək imkanı verəcək. Bu baxımdan, COP29 tədbiri ölkəmizin yaşıl enerji sektoruna investisiyaların axınını sürətləndirəcək. COP29 həm də birlik və həmrəylik tədbiridir. Bu baxımdan, COP29 Cənubi Qafqaza sülh və əməkdaşlığın gəlişi prosesinə yeni bir impuls verəcək. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, COP29-un ölkəmizdə keçirilməsinin bir çox sahələri üzrə həm qısa müddətli, həm də uzun müddətli dividentləri olacaq”, – deyə vurğulayıb.

İsmayıl Bakuvi

COP29