“COP29 tədbirinin əhəmiyyətinə diqqət yetirsək, görərik ki, bu, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəfdaş dövlətlərin mütəmadi qaydada keçirdiyi mötəbər bir tədbirdir. Bu tədbir zamanı dünyanın müxtəlif çoxsaylı dövlət və hökumət başçıları burada iştirak edirlər. Eləcə də digər nüfuzlu şəxslər də daxil olmaqla, təxminən 70-100 minə yaxın insan iştirak etdiyi beynəlxalq bir tədbirdir COP29”.
Bu sözləri Yenicag.az-a açıqlamasından COP29-un ölkəmiz üçün əhəmiyyətindən bəhs edərkən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, bu tədbirin keçirildiyi regiona və dövlətə diqqətlər artıq çoxalıb:
“Ümumilikdə dünyada ayrı-ayrı dövlətlər birləşərək insanlıq və bəşəriyyət üçün ən ciddi problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı önləyici tədbirlər həyata keçirirlər. Ötən il COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirildi. Həmin tədbirdə Azərbaycan da dövlət başçısı səviyyəsində iştirak edirdi. Bu ilin noyabrında sözügedən tədbirin Azərbaycanda keçirilməsi və ölkəmizin buna ev sahibliyi etməsi ilə bağlı məsələ müzakirə edildi və yekdil səs çoxluğu ilə bu qənaətə gəlindi ki, 2024-cü ilin noyabrında COP29 tədbirinin keçirilməsi Azərbaycana etibar edilsin. Artıq bu proses arxada qalıb, Azərbaycan dövlət səviyyəsində COP-un Təşkilat Komitəsinin yaradılması və ümumilikdə müvafiq qurumların səfərbər olunması yolu ilə həmin tədbirə hazırlaşır”.
X. Bəşriov vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsinə gəldikdə isə ölkəmiz bundan öncə də çox mühüm beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edib:
“Buraya həm idman, həm mədəni, həm siyasi, həm iqtisadi, həm də digər istiqamətlərdə dünya üçün əhəmiyyət kəsb edən beynəlxalq tədbirləri əlavə etmək olar. Artıq Azərbaycan bu istiqamətdə etimad və etibar qazanıb. Ölkəmiz beynəlxalq səviyyəli istənilən tədbirin keçirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürmək və bunun öhdəsindən layiqincə gəlmək bacarığını isbat edib. Məhz ona görədir ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə yekdil səs çoxluğu ilə razılıq verildi”.
“Bundan öncə də pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq aləmdə öz sözümüzü demişik. Azərbaycan vaksin milliyyətçiliyi ilə bağlı məsələnin qaldırılması, pandemiya ilə mübarizə çərçivəsində tədbirlərin görülməsi və eyni zamanda, bu sahədə dünya dövlətləri üçün nümunə ortaya qoyacaq bir siyasət yürütmüşdür. Azərbaycan dünya və bəşəriyyət üçün ən ciddi problemlərdən biri olan, hətta XXI əsrdə davam etdiyinə görə insanlıq üçün utancverici bir məqam olan neokolonialist siyasətlə mübarizə aparır. Bəzi dövlətlər və güclər bunu Azərbaycanın Fransaya qarşı atdığı addımlar kimi qələmə verməyə çalışsalar da, bu absurddur. Kimin müəllifliyi ilə edilməsindən asılı olmayaraq, istənilən siyasi fiqur neokolonializmin tərəfdarıdırsa, Azərbaycan bu siyasəti pisləyir. Azərbaycan burada adıçəkilən yanlış prosesin qarşısında olmağı və onunla mübarizə aparmağın tərəfdarıdır”, – deyə o, əlavə edib.
Mütəxəssis düşünür ki, düşünür ki, bu da ölkəmizin bəşəriyyət üçün mövcud olan problemlərindən birinə qarşı mübarizəsindən xəbər verir:
“Bir də COP29-un indiki dönəmdə ölkəmizdə keçirilməsi ilə bağlı məqama toxunsaq, görərik ki, bu da çox həssas bir məqamdır. Çünki qısa müddət öncə 30 illik işğala son qoyan müharibəni arxada qoymuşuq. Eləcə də ölkəmiz beynəlxalq səviyyədə öz ərazi bütövlüyünü təmin edib. Bu, çox nadir bir hadisədir və böyük bir prosesdir. Bu, ümumilikdə regionumuz üçün də ədalətli bir prosesin baş verməsi deməkdir. Bu gün dünyada bəzi dövlətlər və təşkilatlar da mövcuddur ki, onların absurd iddialarının dəf edilməsi baxımından COP29 kimi bir tədbirin Azərbaycanda keçirilməsi çox önəmli hadisədir. Fikrimcə, COP29-a ev sahibliyi etmək ölkəmizin növbəti uğuru olacaq”.
Rafi Müslümov