“Ölkəmizin BMT-in illik tədbirləri içərisində ən böyük və mötəbər tədbir olan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransına ev sahibliyi etmək haqqını tərəf ölkələrin səsverməsi yolu ilə yekdilliklə qazanması da Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi, eyni zamanda, beynəlxalq ictimaiyyətin dövlətimizin siyasi rəhbərliyinə, potensialına, gücünə inamının göstəricisidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda COP29 tədbirinin keçirilməsinin ölkəmiz üçün yaratdığı perspektivlər barədə danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev cari ilin 23 sentyabrında VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı qeyd etdi ki, “beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib”.
“COP29-un Azərbaycanda keçirilməsinə 200-ə yaxın ölkə tərəfindən səs verilib. Ölkəmizin BMT-in illik tədbirləri içərisində ən böyük və mötəbər tədbir olan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransına ev sahibliyi etmək haqqını tərəf ölkələrin səsverməsi yolu ilə, yekdilliklə qazanması da cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi, eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycanın siyasi rəhbərliyinə, potensialına, gücünə inamının göstəricisidir. NATO kimi böyük və nüfuzlu beynəlxalq təşkilatın rəhbər şəxsinin COP29-a ev sahibliyi edəcək Azərbaycan barədə dəstəkləyici bəyanat verməsi tarixi bir hadisədir və ölkəmizin qlobal aləmdəki imicinin və çəkisinin nə dərəcədə güclü olmasından xəbər verir. Eləcə də, BMT-in aparıcı agentliklərinin rəhbər şəxsləri Azərbaycanın COP29-a uğurlu sədrliyindən və təşəbbüslərindən danışır, onu dəstəkləyirlər”, – deyə o əlavə edib
P.Vəliyeva qeyd edib ki, iqlim dəyişmələri bu gün dünyanı narahat edən ən mühüm qlobal problemlərdəndir və dünyamızın üz-üzə qaldığı qlobal istiləşmənin qarşısı yalnız dünya dövlətlərinin həmrəyliyi nəticəsində alına bilər.
“COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi bu ölkələr də öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlayır və ətraf mühit məsələlərinə həssas yanaşmasını nümayiş etdirir. Bu ilki BMT-nin iqlim gündəmində əsas və ən mübahisəli məsələ iqlim dəyişikliyinə həssas ölkələrə iqlim tədbirlərini sürətləndirməyə kömək etmək üçün 2025-ci ildən sonra da davam edəcək yeni maliyyə məqsədi ilə bağlı razılaşmadır. Yeni maliyyə hədəfini əldə etmək çətin olduğu kimi ən yüksək səviyyəli danışıqları tələb edən məsuliyyətli işdir. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkə olaraq regionun, eləcə də planetin ekosisteminin qorunmasına qayğı göstərən ölkədir və məsuliyyəti dərk edir. Azərbaycan ətraf mühitin dayanıqlılığı sahəsində, yaşıl enerjiyə keçid sahəsində islahatları ildən-ilə genişləndirir. COP29-a ev sahibliyi böyük bir fürsət oldu ki, daha iddialı hədəflər ortaya qoyaraq dünya ölkələri arasında öncülüyümüzü, islahatçı və tərəqqiyə yönəli olduğumuzu bir daha sübut edə bilək”, – deyə o bildirib.
Deputat əlavə edib ki, dünya mediası hər gün Azərbaycandan danışır, ölkəmizin sədrliyi müxtəlif TV, radio proqramlarında müzakirə olunur, müxtəlif məqalələr, süjetlər hazırlanır. Bununla da, ölkəmiz, onun potensialı, mədəniyyəti, milli kimliyi, resursları və s. tanınır, təbliğ olunur:
“İqlim dəyişmələri mövzusu və COP29 dünya gündəmini zəbt edib, deyə bilərik. Hər gün bu mövzu qlobal trend mövzular içərisində yer alır və böyük bir kütlə prosesi izləyir. Təsadüfi deyil ki, bu il BMT Baş Assambleyasının 79-cu sessiyasının gündəliyində olan prioritet müzakirə mövzusu – iqlim dəyişmələri və COP29-un əhəmiyyəti oldu. Dünya mediası Nyu-Yorkdan Baş Assambleya çərçivəsində canlı yayımlar edir, Azərbaycanın COP29 sədrliyindən danışırdılar. Daim izlədiyim “Financial Times” dünyaca məhşur iqtisadçıları və iqlim mütəxəssislərini bir araya gətirərək, COP29-a uğurlu ev sahibliyini müzakirə edir. Bütün bunlar əlbəttə ki, bizim üçün qürurvericidir – Dünya Azərbaycandan danışır!
Azərbaycanda yaşıl iqtisadiyyata keçidin təməli hələ 21-ci əsrin əvvəllərində qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən ayrılan investisiya, xüsusi diqqətlə başlamışdı. Bu gün artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonasına çevrilir və ölkəmiz günəş və külək kimi təbii mənbələrdən enerji istehsalını ildən-ildə artırmağa davam edir. Müəyyən edilmiş töhfələr üzrə hədəfimiz 1990-cı illə müqayisədə istixana qazlarının emissiyasının 2030-cu ilədək 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasıdır. İnanıram ki, Azərbaycan bundan da artığına nail ola biləcək potensiala malikdir”.
İsmayıl Bakuvi