“Razılaşdırılmamış müqaviləni imzalamaq, elə imzalamamaq kimi bir şeydir”.
Bunu Yenicag.az-a açıqlamasında COP29 tədbiri çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalından danışan politoloq Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, BMT-nin iqlim dəyişikliyinə qarşı mübarizəsinə dair həyata keçirilən tədbir dövlət rəhbərləri, yaxud digər səlahiyyətli şəxslərin iştirak ilə baş tutur.
Politoloq əlavə edib ki, belə tədbir daxilində başqa bir məsələyə fokuslanmaq qarşı tərəfin razılığı ilə mümkün olur:
“Yəni COP29 çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yalnız simvolik xarakter daşıya bilər. Bakının haqlı olaraq tələbləri mövcuddur. Lakin İrəvanın mövqeyi də aydındır və onlar müqavilənin imzalanmaması üçün müxtəlif bəhanələrlə çıxış edir. Nəticə etibarilə, mənasız əks tələblər irəli sürməsi Ermənistanın sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını deməyə əsas verir. Həm də əsassız iddialar buna imkan vermir. Bir sözlə, razılaşdırılmamış müqaviləni imzalamaq, elə imzalamamaq kimi bir şeydir. Onun hüquqi qüvvəsi olmayacaq. COP29 tədbir çərçivəsində iki ölkə arasında sülhün əldə olunması istiqamətdə müqavilə imzalanmayacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli