“Çörək yediyin qaba tüpürmək haramdır” – Rövnəq Abdullayev

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasdan sonra assosiasiyanın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

Əvvəlcə keçirilən iclasla bağlı fikirlərini bildirən Abdullayev, daha sonra jurnalistlərin suallarını cavablandırıb: “Oyunların manipulyasiya edilməsi ilə bağlı bizə məlumat verildi. UEFA hətta regional oyunları da nəzarətdə saxlayır. Şübhəli məqam varsa, bu barədə məlumat verir. Hamı bilsin ki, futbolla məşğul olan adam mərc oyunlarında heç vaxt iştirak etməməlidir. Keçən il bu qanun qəbul olundu. Bu, artıq cinayət məsuliyyəti daşıyır. “Keşlə”nin 2 futbolçusu və “Neftçi”nin bir məşqçisi artıq prokurorluğa verilib”

– “Kəpəz”də aparılan maliyyə ilə bağlı yoxlamaların nəticələri açıqlanmadı…
– Əfsuslar olsun ki, bizim nümayəndə tərəfindən pozuntuya cəhd olunmuşdur. Yoxlamanın nəticələri ilə tanış olduq və bir neçə nəfəri işdən azad etdik. Sistemi elə qurmaq istəyirik ki, şəffaf olsun. Yenə manipulyasiya məsələsinə qayıdıram. Həmin şəxslər barədə qəti tədbir görüldü. Çalışırıq ki, futbolumuza haram qatılmasın.

– İclasda növbəti mövsüm üçün Premyer Liqa klublarının sayının artırılması ilə bağlı müzakirə aparıldımı?
– Keçən il də demişdim ki, çempionatdakı komandaların sayını 10-a yüksəltmək istəyirik. 9-a çətinliklə çatdırdıq, 8 komanda ilə başladıq. İqtisadi cəhətdən müəyyən çətinliklər oldu və sponsorlar futboldan getdi.

– Bəlkə “Topaz”ın Premyer Liqanın sponsoru olması manipulyasiya məsələsində problem yaradır?

– Xeyr, belə şey ola bilməz. Çörək yediyin qaba tüpürmək haramdı.

– Çempionatda Bakı klubları daha çoxdu. Bu, nə dərəcədə qanunauyğundu? Olmaz ki, “Zirə”nin, “Səbail”in yerinə Tovuz klubu Premyer Liqaya çıxsın?

– Sovet düşüncəsindən çıxmaq lazımdı. Bayılda futbol olmamalıdı? Bu klubların hər birinin öz sponsoru var. “Turan” I divizionda oynayır. Biz onlara I divizion səviyyəsində sponsorluq edirik. Tovuzda heç kim komandaya yaxın durmur.

– Mirhüseyn Seyidov və Nizami Hacıyevin futboldan uzaqlaşdırılması ilə bağlı konkret səbəb göstərilmədi…

– Özləri etiraf etdilər. Bu, böyük sistemdi, iş davam edir. Futbolda məşğul olan insanların bu işi görmək ixtiyarları yoxdu. Böyük iş apardıq. UEFA-dan məlumatlar gəlirdi. “Rəvan”, “Bakı” var idi. UEFA tələb qoydu ki, çempionatdan çıxarılmalıdı. Amma indiki fərdi şəxslərlə bağlıdı.

– Mehdi Hüseynzadə adına stadionun SOCAR tərəfindən təmir ediləcəyi deyilir…

– Xeyr, belə bir şey yoxdur. Bütün arenaların adları kommersiya xarakterli olacaq. Bayıldakı stadiona da sponsor axtarırıq. Kim istəyirsə, sponsorluq edib, atasının adını stadiona qoysun (gülür). Mehdi Hüseynzadə ilə bağlı nəsə etməyi düşünürük. Bu gün də bunun müzakirəsi oldu. Orda 10 minlik stadionun tikilməsi məsələsinə baxmağı düşünürük. “Sumqayıt” rəhbərliyi də deyir ki, çox adam oyun vaxtı ayaq üstə baxır. Buna maliyyə axtarırıq.

– Bu gün Anatoli Banişevskinin adını daşıyan hansısa stadion yoxdu…

– Banişevski də var, Kazbek Tuayev də var. Stadion adları ancaq kommersiya məqsədli olacaq. Banişevski ilə bağlı həmişə böyük tədbirlər keçirmişik. Stadionun adlarını satacağıq ki, sponsor arenaya maliyyə ayırsın.

COP29