COVID-19 pasportunun tələbinin SƏBƏBİ – Pulsuz burger, kartof-fri, toy… – Qərara FƏRQLİ YANAŞMA / ŞƏRH

“Müəyyən səbəblərdən dolayı vaksin vurdura bilməyən şəxslərin mərasimlərdə iştirakı üçün başqa təhlükəsizlik və gigiyena metodları qəbul olunmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 1-dən ölkə ərazisində toyların təşkilinə icazə verilməsi haqda qərarda yer alan şərtləri dəyərləndirən Frankfurt Tətbiqi Elmlər Universitetinin elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, sosioloq Aysel Sultan deyib.

O bildirib ki, şənlik mərasimlərində COVID-19 pasportunun tələb olunması vaksinasiya prosesi çərçivəsində dövlətin sosial-mədəni yanaşmasıdır:

“Bütün dünyada peyvəndlərə qarşı ikili münasibət var. Hər bir ölkədə müəyyən təbəqə insanlar peyvənd vurdurmaqdan ehtiyat edir, bəzilərinin ehtiyatı isə şəxsi sağlamlıq narahatçılıqları ilə bağlıdır. Bu kontingentə müraciət etmək üçün yerli səhiyyə orqanları və hökumət nümayəndələri hər bir ölkədə xüsusi sosial-mədəni və ənənəvi simvolikası olan dəyərlərə müraciət edirlər. Məsələn, bu yaxınlarda ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio koronavirusla mübarizə çərçivəsində elan vermişdi ki, vaksin vurdurmaq istəyən şəxslər pulsuz şəkildə peyvənd olunacaqlar və onlara pulsuz burger, “french fries” (kartof-fri) təklif olunacaq. Bu maraqlı təklifdə əsas məqsəd insanlarda vaksinə maraq yaratmaq idi. Bu addım sosial-mədəni aspektdən yanaşma metodu sayıla bilər. Vətəndaşın yaşadığı ölkədə hansı məsələ onun üçün vacibdirsə, vaksinasiya prosesində həmin mövzu aktuallaşdırılır. Hamımız Amerikada burger və kartof-fri qidasının nə qədər sevildiyini bilirik. Azərbaycanda isə bu məsələ toylarla bağlıdır. Bu baxımdan şənlik mərasimlərində COVID-19 pasportunun tələb olunması dövlətin sosial-mədəni yanaşmasıdır”.

Sosioloq qeyd edib ki, ölkəmizdə toylarla bağlı tətbiq olunan məlum qaydalara yanaşmaların fərqli olması başadüşüləndir:

“Dünya Sağlamlıq Təşkilatı (WHO) məsləhət görür ki, əhalinin ən az 70%-i peyvənd edilməlidir və bunun qarşılığında da virusun zərəri xeyli azalmalıdır. Bu aspektdən çıxış edərək, demək olar ki, özünü yerdə qalan 30%-ə aid etmək haqqı insanlara sərbəst verilməlidir. Elə insanlar var ki, əvvəlcədən mövcud olan xəstəlikləri fonunda onlara peyvənd vurulması məsləhət görülmür. Bu şəxslərin toylardan, yaxud hər hansı digər əyləncə və fəaliyyət növlərindən məhrum edilməsi təbii ki, ziddiyyətə və narazılıqlara səbəb olmalıdır və olur. Belə diviziya metodunu başqa təhlükəsizlik və gigiyena metodları ilə tənzimləmək və əvəzləmək olar. Buna baxmayaraq, inkişaf etmiş ölkələrdə də koronavirus pasportlarının tətbiq edilməsi kütləvi narazılıqlara səbəb olur və hətta bu addım anti-demokratik adlandırılır. İstənilən halda peyvəndlərə qarşı mövcud olan xofun aradan qaldırılması üçün görülən tədbirlərin təcrübəsindən öyrəndik ki, sadəcə maarifləndirilmə yolu ilə alınmır. Buna görə də yerli səhiyyə orqanları və hökumətlər digər sosial-mədəni aspektlərə müraciət edirlər”.

Qeyd edək ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda iyulun 1-dən toyların keçirilməsinə icazə verilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, şənlik mərasimləri bir sıra şərtlər fonunda həyata keçirilə bilər. Belə ki, qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və eyni zamanda şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Digər şərtlərdən biri də 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin məcburi olmasıdır.

Gülşən Şərif