“Çox sayda partiya fəaliyyətini dayandırır, amma üzvlərindən heç kim səsini çıxarmır ki, axı…” – REAKSİYA

“Normalda hər hansı partiyanın ləğvi üçün qurultay çağırılmalı və qərar da orada qəbul olunmalıdır”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra çox sayda partiyanın öz fəaliyyətini səssiz-səmirsiz dayandırmasının doğru olmadığını düşünən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, yaxın dövrlərə qədər “minlərlə üzvlərinin” olduğunu iddia edən partiyaların siyasi səhnəni bu formada tərk etmələri normal sayıla bilməz:

“Yayılan məlumatlara əsasən, qeydiyyatdan keçmiş siyasi partiyalardan artıq on biri öz fəaliyyətini dayandırıb. Ancaq maraqlısı budur ki, həmin partiyaların fəaliyyətlərinə son qoyulması sadəcə, sədrin sosial şəbəkədə yazdığı qısa statusla ictimaiyyətə elan edilir.

Ancaq normalda hər hansı partiyanın ləğvi üçün qurultay çağırılmalı və qərar da orada qəbul olunmalıdır. Bildiyim qədər, əksər partiyaların Nizamnaməsində təşkilatın fəaliyyətini dayandırmasının məhz bu yolla baş verməli olduğu haqda müddəa var.

Bizdə isə ləğv olunan partiyaların sədrləri ya bununla bağlı qısa bildiriş verməklə kifayətlənirlər, ya da buna ehtiyac görmürlər. Yaxın vaxtlara qədər həmin siyasətçilər minlərlə üzvlərinin olduğunu iddia edirdilər. Yaxşı, o çox sayda üzvlər niyə səslərini çıxarmırlar ki, partiya niyə fəaliyyətini dayandırır? Doğrudan da, çox paradoksal durumdur”.

A.Zeynalov