“Çoxları Rusiya-Türkiyə münasibətlərinin normallaşacağına inanmırdı” – Rusiyalı ekspert

“Səfir Karlova açılan atəş əslində, Türkiyə-Rusiya münasibətlərinə yönəlmişdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq İvan Starodubtsev Bakıda keçirilən beynəlxalq simpozium çərçivəsində baş tutan “Region ölkələrinin iqtisadi əməkdaşlığı və energetika” panelindəki çıxışında səsləndirib.

O, bildirib ki, hazırda Rusiya ilə Türkiyə arasındakı münasibətlər 2015-ci il böhranından əvvəlki səviyyəni də üstələyib:

“2015-ci il noyabrın 24-də SU-24 hərbi təyyarəsinin vurulması Türkiyə-Rusiya münasibətlərində böhrana səbəb olsa da, tərəflər bu problemi yoluna qoydular və əlaqələr bərpa olundu.

Münasibətlərin normallaşdırılması mərhələsində Rusiyanın Türkiyədəki səfiri cənab Karlovun qətlə yetirilməsi qarşılıqlı əlaqələr üçün ciddi sınaq oldu. Lakin iki ölkənin siyasi rəhbərliyi gərginliyin yaranmasına imkan vermədilər.

Ümumiyyətlə, iki ölkənin prezidentləri arasında münasibətlər çox intensiv surətdə dərinləşir. Hətta prezident Putinlə Ərdoğanın son bir ildə keçirtdikləri görüşlərin dəqiq sayını da xatırlamaq çətindir.

Əlamətdar haldır ki, Türkiyə-Rusiya münasibətləri həm siyasi, həm də iqtisadi sferada genişlənir. Ancaq çoxları təyyarə böhranından sonra münasibətlərin bərpa olunacağına inanmırdılar”.

COP29