“Kommunal xidmətlərin göstərilməsində yaranan narazılıqlar bu sahənin inkişafına çox mənfi təsir göstərir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında yaşayış binalarının mövcud problemlərinə toxunan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.
Elnur Fərzəliyev qeyd edib ki, ölkədə çoxmənzilli binaların tikintisi sürətlə aparılsa da, istismara verilən binaların idarə olunmasında ciddi problemlər var:
“Türkiyə, Avropa və digər ölkələrin praktikalarına nəzər salsaq, binaların idarə olunması ən gəlirli xidmət sahələrindən biri hesab olunur. Lakin ölkəmizdə bu sahədə mövcud olan problemlər həddindən artıq çoxdur.
Tikinti şirkətlərinin inşa etdiyi yaşayış binalarında yığılan kommunal ödənişlərin məbləği bəzən sakinlər tərəfindən haqlı olaraq, birmənalı qarşılanmır. Xüsusən də kommunal ödənişlərin qarşılığında göstərilən xidmətlərin aşağı səviyyədə olması narazılığı daha da artırır. Bu isə sakinlərlə Mənzil-Tikinti Kooperativi (MTK) rəhbərləri arasında daimi gərginliyə səbəb olur.
Kommunal xidmətlərin göstərilməsində yaranan narazılıqlar bu sahənin inkişafına çox mənfi təsir göstərir. Ölkədə 2000-dən çox yeni tikilmiş çoxmənzilli yaşayış binalarının olmasına baxmayaraq, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) və idarəetmə şirkətlərinin sayı bundan xeyli azdır”.
Ekspert hesab edir ki, problemin həlli üçün çoxmənzilli yaşayış binalarının dövlət nəzarətinə keçirilməsinə ehtiyac var:
“İdarəetmə işi sakinlərə məxsus olsa da, bu çərçivədə bir Fondun yaradılması zəruridir. Həmin fonda yığılan vəsaitlə gələcəkdə binanın təmiri üçün tələb olunan xərclər ödənilməlidir.
Çünki hazırda istifadədə olan binaların əksəriyyəti artıq köhnəlir. Onların bir çoxunun fasadları tökülüb, liftləri bərbad gündədir. Yenilənmə işləri isə külli miqdarda vəsait tələb edir.
Sakinlər və MTK-ların bu vəsaiti təmin etməyə imkanı çatmır. Ona görə də dövlət tərəfindən inşası bitmiş binalar təhvil alınaraq, idarəetmə sahələri nəzarətə götürülməlidir. Binaları idarə edən MTK, MMMC və idarəetmə şirkətlərinə aidiyyatı orqanlar tərəfindən dəstək verilməsə, müəyyən zamandan sonra bina sakinləri ciddi problemlərlə üz-üzə qala bilər”.
Gülşən Şərif