“Crocus”dakı terrorun Moskvaya qazandırdığı “ZƏFƏR AN”I: Rusiya Ukraynanın “qan”ını içməyə hazırlaşır – Səxavət Məmməd yazır 

Hadisələrə qiymət vermək üçün haradan, hansı askeptdən baxmaq çox önəmlidir. Müharibəyə qan, ölüm-itim üçün pis baxırıq, ancaq bir millətin formalaşmasında müharibələrin rolu danılmazdır. İkisini də müdafiə etmək olar, amma hər iki tərəf də haqlı olacaq.

Düzdür, terrorla bağlı müsbət nəsə demək olmaz. Olmamalıdır. Fərd olaraq qəbul etmirəm. Ancaq burada da haradan baxdığın önəmlidir.

Moskvada terror aktı törədiləndən sonra beynimdə iki şey fırlandı. Birincisi, Məhəmməd Əmin Rəsulzadənin Türkiyənin “Dünya” qəzetində çap etdirdiyi məqalələrdən birində Stalinlə və terrorla bağlı hissəsi var. Məhəmməd Əmin Rəsulzadə qeyd edir ki, Müdhiş İvan Stalinin dünya görüşündə çox kök salmış nümunəvi bir simadır. Xatirələrindən görünür ki, Stalin terrorun bir dövlətin yaranmasında və formalaşmasında əvəzsiz rolu olduğunu bilir. Rəsulzadə qeyd edir ki, o, bir dövlətin ancaq terrorun işləndiyi metodlarla yaradıla biləcəyinə inanır. Qurucu bir dövlət adamının ən təsirli istifadə etdiyi silah terrordur. Mərkəzdən qaçan qüvvələri bir mərkəz ətrafında birləşdirmək üçün, onun fikrincə, İvanın etdiklərindən başqa bir hərəkət qəbul deyildir.

Qəbul etsək də, etməsək də, bu da bir baxışdır. Rəsulzadə terrorun bir sistem olaraq doğru olmadığını izah etmək istəyəndə Stalinin maraqlı bir cavabı olur:

“Terrorun, hələ kütləvi terrorun tarixdəki rolu mühümdür. Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror başqa, onu qəbul və tətbiq edəcəyik. Bunun faydası isə şübhəsizdir.

Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz. Bir çox adamı birdən öldürmək lazımdır ki, təsiri olsun. Biz tərbiyə etmək üçün xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları üçün onları lazım gəlsə, kütlə halında cəzalandıracağıq”.

Zamana görə baxışlar da dəyişir. Misal üçün, Ukrayna kəşfiyyatı Krım körpüsündə partlayış törədəndə nəinki rus, elə Qərb mediası da buna terror deyirdi. Ancaq İkinci Dünya müharibəsində körpü partlatmaq partizanların hünəri sayılırdı. İndiki dövrdə teatr, konsert salonu partlatmaq terrordur, ancaq İkinci Dünya müharibəsində bunu edənlər ən yüksək orden, medalla mükafatandırılırdı.

Bilirəm, bu fikirlər mübahisə yaradacaq mövzudur. Ancaq burada önəmli olan məsələyə kimin haradan baxmasıdır.

Dünyada irili-xırdalı onlarca terror təşkilatları var. Bu təşkilatların, demək olar, hamısı böyük dövlətlərə bir yolla bağlıdır. Terror kiçik, regional dövlətləri buxov altında saxlamaq üçün vasitə kimi görünür. Böyük dövlətlərin ərazilərində baş verən terrorlar isə hansısa məqsədin həyata keçməsinə bəhanə verir. Bəzən terror təşkilatları yaradanının, maliyyə verənin üzünə ağ olur, ancaq şoku dəf edəndən sonra mütləq şəkildə bəhanəyə baş vurulur. Deyə bilmərəm, ABŞ-dəki 11 sentyabr terrorunun arxasında ABŞ özü var, ancaq o terror ABŞ üçün təkcə Əfqanıstana girməyə bəhanə olmadı, həm də beynəlxalq hüququn, BMT nizamnamələrinin pozulması üçün bir əsas oldu.

Yuxarıda yazmışdım axı, beynimdə iki şey fırlandı. Biri də Çeçenistan müharibəsi idi. Rusiyada kriminal qruplar hegemonluq edir, hətta mafiyaların deputatları, prokurorları, məhkəmələri də var idi. Məsələn, Riyazandakı “Slon” Dumaya bir neçə deputat keçirə bilmişdi. Çeçenlər isə Rusiya bazarlarını istədikləri kimi “fırladırdı”. 2002-ci il 23-26 oktyabr “Dubrovka” və ya “Nord-Ost” faciəsi çoxlarının xatirindədir. 170 nəfərin həlak olması ilə nəticələnən terrorun ardınca ruslar Çeçenistanı, Qroznını silib yenidən yaratdılar. “Krokus siti holl” terror aktı ilə “Dubrovka” arasında bir fərq var. Çeçenlər açıq şəkildə bəyan edirdilər ki, Rusiya ordusu Çeçenistandan çıxsın. Burada isə nə tələb var, nə işi öz üzərinə götürən. Ukraynalılar etmiş olsaydı, açıq şəkildə bildirərdilər ki, rus ordusu Ukraynadan çıxsın. Tələb yoxdur. Radikal islama bağlanır. İslamçılar da dinlə bağlı bir bəyanat verə bilərdilər. Fakt budur ki, Rusiyada islamla bağlı problem yoxdur. Rusiya İsrail-HƏMAS toqquşmasında Fələstin dövlətinin yaradılmasını dilə gətirir. Qırmızı dənizi iflic edən Husilərlə Rusiya və Çin arasında razılaşma əldə oluna bilir. Dolayısı ilə, din faktoru ortadan çıxır. Ümumiyyətlə, İŞİD, digər radikal terror təşkilatları özbaşına olsaydı, bu aktı İsveçdə törədərdilər. Demək, radikal islamçılara bunun sifarişi verilməyib.

“Krokus siti holl”dakı terror aktını kimin törətməsi yönündə deyəcəklərimiz hamısı versiya olaraq qalacaq. Leninin bir sözü var. Deyir, əgər bir hadisə ilə bağlı komissiya yaradılırsa, demək, o hadisənin üstü ört-bas ediləcək.

Terror aktı bəyənilməyən bir şeydir. Ancaq onu öz xeyrinə, məqsədlərini həyata keçirmək üçün istifadə etmək böyük dövlətlərin ən sevimli oyuncaqlarından biridir.

Rusiya bu terror aktının arxasında kimin durduğunu, maliyyəni kimin verdiyini bilsə də, bir həqiqət dəyişməyəcək – onlar üçün günahkar Ukraynadır. Artıq Rusiyada “xüsusi hərbi əməliyyat”ı dayandırıb müharibə elan etməklə bağlı fikirlər hər gün daha da çox yayılmaqdadır. Hətta Peskov da “xüsusi hərbi əməliyyat” demir. Amma xatırlayın, bunu deməyənlər aylar öncə həbs olunurdular.

Böyük dövlətlər qandan qidalanır. Rusiyanınsa “qan”ı hazırdır.

COP29