Cüdoçu Rüstəm Orucov məşhur futbolçumuzu tanımadı

Futbol dünyada idman növlərinin şahı hesab edilsə də, Azərbaycanda bir o qədər də populyar deyil. 8 komandalı çempionat, klubların sponsorsuzluqdan əziyyət çəkməsi, stadionların azarkeş üzünə həsrət qalması bunun sübutudur.

Bəs görəsən, digər idman növləri ilə məşğul olan idmançılarımızın futbola olan marağı nə dərəcədədir?

Yenicag.az olaraq suala cavab tapmaq üçün cüdoçumuz Rüstəm Orucovla əlaqə saxladıq. “Rio-2016”- nın gümüş medalçısı, Avropa çempionu və İslamiadada ikinci olan idmançımız futbola marağının olmadığını bildirsə də, “Qarabağ”a azarkeşlik etdiyini söylədi. Əslən Ağdam şəhərindən olan Orucov, ona təqdim etdiyimiz 9 asan sualdan 4-nə doğru cavab versə də, 5-nə “bilmirəm” dedi.

Maraqlıdır ki, dünya reytinqində ikinci olan Rüstəm Orucov Azərbaycan futbolunun məşhur siması olan Nazim Süleymanovu tanımadı…

1. Son Azərbaycan çempionu hansı komandadır?
– “Qarabağ”.

2. “Qarabağ” hansı şəhəri təmsil edir?
– Ağdamı.

3. “Neftçi”yə hansı şirkət sponsorluq edir?
– Mən biləni SOCAR-dır.

4. Tofiq Bəhramov kim olub?
– Hakim.

5. Nazim Süleymanov hakim olub, yoxsa futbolçu?
– Onu tanımıram.

6. “Qəbələ” klubunun baş məşqçisi kimdir, Ağasəlim Mircavadov, yoxsa Vaqif Sadıqov?
– Onu da bilmirəm. (“Qəbələ”nin baş məşqçisi ukraynalı Roman Qriqorçukdur – red.)

7. Qurban Qurbanov “Qarabağ”ın heyətində neçə qol vurub?
– Bilmirəm. (Qurban Qurbanov futbolçu karyerası ərzində “Qarabağ”da çıxış etməyib – red.)

8. Kamran Ağayev son olaraq hansı klubda çıxış edib?
– Onu da bilmirəm.

9. Bəs Ruslan Abışov hazırda hansı klubda çıxış edir?
– Deyəsən, millidə oynayır. Klubunu isə bilmirəm.

Emin Səfərov
Yenicag.az

COP29