Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Culfa rayonunda Külək Elektrik Stansiyası qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, oktyabrın 31-də Culfa Külək Elektrik Stansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək deyib ki, hər birinin gücü 30 kilovat olan 10 külək turbini yeni qurulan 132/110/35/10 kilovoltluq “Culfa” yarımstansiyasının yaxınlığındakı əkinəyararsız ərazidə quraşdırılıb. Külək turbinlərinin istehsalçısı Çin Xalq Respublikasının “ANE” şirkətidir. Turbinlərin layihələndirilməsi, sifarişi, quraşdırılması, real vaxt rejimində turbinlərin iş rejimlərinə nəzarət etmək üçün alqoritm proqram təminatının hazırlanması və sınaq-sazlama işləri Dövlət Energetika Xidmətinin mütəxəssisləri, tikinti quraşdırma işləri isə “Nəqşicahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa Külək Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə Dövlət Energetika Xidmətinin kollektivini təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, hədiyyələr təqdim edib.
Bildirilib ki, ərazidə turbinlərlə yanaşı, 10 invertor-kontroller, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılıb. İstehsal olunacaq elektrik enerjisinin ötürülməsi və idarə edilməsi üçün 10/0,4 kilovoltluq 400 kilovoltamper gücündə transformator, həmçinin 10 və 0,4 kilovoltluq paylayıcı qurğular üçün bina tikilib, alçaq və yüksəkgərginlikli kabel xətləri, rabitə, müşahidə və idarəetmə sistemi üçün kabel xətləri çəkilib, turbinlərin ətrafı çəpərlənib, videomüşahidə qurğuları ilə təmin olunub. İstehsal olunan elektrik enerjisi 10 kilovoltluq “Yaycı” hava elektrik verilişi xəttinə ötürüləcəkdir.
Enerji mənbələrinin şaxələndirilməsi enerji təhlükəsizliyinə töhfə verən əsas amillərdəndir. İstifadəyə verilən Culfa Külək Elektrik Stansiyası gələcəkdə bu ərazidə daha böyük layihələrin həyata keçirilməsinə, enerji idarəetməsində müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanmasına və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində faydalı olacaqdır.
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev rayonun inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə rayon sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Ali Məclisin Sədri növbəti külək elektrik stansiyasının tikintisi barədə tapşırıqlar verib.