“İttifaqda olan iki partiya arasında belə vəziyyətlərin yaranması normaldır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin hakim koalisiyası olan “Cumhur ittifaqı”na daxil olan AKP ilə MHP-nin yerli seçkilərə ayrı-ayrılıqda qatılmaq qərarını şərh edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) əslən azərbaycanlı deputatı Şamil Ayrım deyib.
Şamil Ayrımın sözlərinə görə, aralarında yaranmış fikir ayrılıqlarına baxmayaraq, hər iki partiya ittifaq prinsiplərinə sadiqdir:
“Bütün bunlar əslində, Türkiyənin daxili siyasətindən qaynaqlanan məsələlərdir. AKP ilə MHP arasında bu vəziyyətin yaranması isə əfv, erkən təqaüd və digər mövzularla bağlı yaranan fikir ayrılıqlarından irəli gəldi.
Fikrimcə, belə mövqe fərqliliklərinin olması təbiidir və belə düşünürəm ki, bu vəziyyət uzun müddət davam etməz. Yəni “Cumhur ittifaqı” mövcuddur və hər iki lider – həm prezidentimiz Rəcəb Tayyib Ərdoğan, həm də hörmətli Dövlət Baxçalı bu birgəliyə sadiqdirlər. AKP və MHP liderləri bu məsələyə dair aydın və qaneedici mövqelərini açıqladılar.
Yenə deyirəm, ittifaqda olan iki partiya arasında belə vəziyyətlərin yaranması normaldır, təbiidir. Əsas olan bu iki partiyanın ittifaqın təməl prinsiplərinə sadiq qalmasıdır ki, onlar da bunu göstərməkdədirlər. Mühüm olan birgəliyin bu prinsiplər əsasında davam etməsidir. Pis niyyətli insanların arzuladığı kimi bir parçalanma yoxdur”.
A.Zeynalov