#cümhuriyyətüçünyaz müsabiqəsinin Mükafatlandırma Mərasimi keçirildi – FOTOLAR

Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş #cümhuriyyətüçünyaz müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, media nümayəndələri və iş adamları iştirak edib.

“Palmali” şirkətlər qrupunun baş sponsorluğu, ATİB, TÜİB və Türkiyə Azərbaycan Evinin dəstəyi ilə “Yeni Çağ” Media Qrupunun təşkil etdiyi müsabiqənin mükafatlandırma mərasimini açıq elan edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkür edib.

O bildirib ki, dövlətçiliyimizin inkişafına töhfə verən bütün liderlərə dərin hörmət bəsləmək və gənclərə də bu duyğuları aşılamaq lazımdır:

“Cümhuriyyətimizə layiq olmağa çalışırıq”

Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı da tədbirin iştirakçılarını salamlayıb və ideyanın müəlliflərini təbrik edib:

“Mən çox sevinirəm ki, Aqil Ələsgər tarixdə iz qoyan layihələrə imza atır. AXC-nin yüzilliyi ilə bağlı keçirilən silsilə tədbirlərdə çıxış edərkən də hər zaman qeyd edirdim ki, Şərqdə ilk türk-müsəlman demokratik cümhuriyyətinin vətəndaşı olduğum üçün qürur duyuram. Bu cümhuriyyəti milli məfkurə daşıyıcıları qurub və bizlərə əmanət edib.”

Tənzilə Rüstəmxanlı Türkiyə Azərbaycan Evininin adından Seyfullah Türksoya və Məlahət Qurbanaovaya Azərbaycana xidmətə görə mükafatlar təqdim edib.

Türkiyənin Azərbaycandakı mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi isə çıxışı zamanı bu cür dəyərli layihələrin keçirilməsini sonuna qədər dəstəklədiklərini bildirib.

İrfan Çiftçi vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə Cümhuriyyətinin bir ön modelidir. Müşavir həmçinin qeyd edib ki, bu il Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinin də 100 illiyidir.

TÜİB sədri, “Büyükfırat” restoranlar qrupunun sahibi olan iş adamı Hüseyin Büyükfırat “Bir millət, iki dövlət” şüarının sözdə yox, əməldə olduğunu, Türkiyə və Azərbaycanın ortaq tarixi mirasa sahib olduğunu söyləyib.

Daha sonra kürsüyə çıxan ATİB rəsmisi Azər Hətəmov isə bildirib ki, cümhuriyyətin yüz illiyi Azərbaycanda olduğu kimi dünyanın müxtəlif ölkələrində də qeyd olunur.

İpək Yolu jurnalının sahibi Seyfullah Türksoy belə bir tədbirdə iştirak etdiyinə görə qürur duyduğunu bildirib.

Çıxışlardan sonra #cümhuriyyətüçünyaz müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, 2018-ci il mayın 1-də başlayan #cümhuriyyətüçünyaz müsabiqəsinə 28 may saat 12:00-da yekun vurulub. Müsabiqənin qalibləri avtomatik “random” üsulu ilə seçilib.

“Yeni Çağ” Media Qrupunun təşkil etdiyi #cümhuriyyətüçünyaz müsabiqəsi “Palmali” Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilib. Müsabiqəyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Türkiyə Evi (ATEV), “Büyükfırat” Şirkətlər Qrupu, “Hilal” İctimai Birliyi və “Lombard N:1” dəstək verib.

Ümumilikdə 1205 nəfərin qatıldığı müsabiqənin qalibləri müvafiq olaraq 50, 100, 300, 500, 1000 manat pul mükafatı qazanıblar. Bundan başqa, “Yeni Çağ” Media Qrupu öncədən elan etdiyi kimi, müsabiqədə ən yaxşı postu yazan 3 iştirakçını da mükafatlandırıb.

 

 

COP29