Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Cümlə xəyanətlərə bais təkcə mətbuatdır? - Aqil Ələsgər yazır

Bu yazı çox müsbət notlarla başlaya bilərdi. Ancaq… 22 iyul sanki birilərinə jurnalistlərə qarşı kinlərini qusma haqqı verir.

Bu gün mətbuatımızda hər şeyin yerli-yerində olduğu iddiasında deyiləm. Lakin cəmiyyətimizdə nə yerindəydi ki, yalnız mətbuatı dar ağacından asırsınız?

Səhiyyə naziri belə müalicə üçün Almaniyaya gedir, həkimin biri sağlam ayağı yanlışlıqla kəsirsə, bütün həkimləri hoydu-hoyduya götürmək haqqımız varmı, yoxmu? Əslində var. Hər il minlərlə vətəndaşımız tibbi turizmlə bağlı başqa ölkələrə üz tuturlarsa, var. Fəqət biz yenə də bütün həkimləri təhqir etmirik.

Müəllimi-direktoru intihara cəhd edən uşağı xəstəxanaya aparmaq yerinə, ondan özünüsığorta ifadəsi alır, bir başqa direktoru təhsil vermək əvəzinə şou çıxarırsa, təhsilimiz tənəzzülün əsfələsafilini yaşayırsa, biz bütövlükdə müəllimləri topun ağzına qoyuruqmu? Əsla. Hətta müəllim adının müqəddəsliyini şagirdlərin gözü qarşısında saçyolduya çıxan müəllimələrdən belə qoruyuruq.

Siyasi meydanda mövcudluqları üçün mətbuata təşəkkür etməli olanlar, gün gəlir, sırf onların nəslinə borclu olmadığını dediyinə görə dünənə qədər onların gündəmini işıqlandıran medianı “satılmaqda” suçlayır. Gündə bir mövqe dəyişir, özlərini daha sərfəli şərtlərlə təklif etmək üçün bir-birlərini əzirlər, ancaq yenə də onları bizə haqsızlıqla ünvanlanan “ən qədim peşə sahibi” kimi çirkin ifadələrıə “bəzəmirik”.

Siyasətin nə olduğunu bilsək də, siyasətçilərə o gözlə baxdığımızı dilə gətirmirik. Və ya cəmiyyətimizin bazburtlu kişiləri, haqları pozulanda bizə üz tutur, dərdini söylədikdən sonra, “mənim adım olmasın” xəbərdarlığını edir. Problemi həll edildikdə isə, dünənə qədər qabağında pişiyə döndüyü jurnalisti təhdid edirsə, mətbuat başına hansı daşı töksün?

İstənilən sahəni, peşəni söyləyin, onlar haqqında yüzlərlə neqativ fakt ortaya qoyaq. Amma nədənsə, bayramı burnundan gətirilən yalnız jurnalistlər olur.

Yuxarıda da qeyd etdiyim kimi, mətbuat cəmiyyətin bir parçası, hətta güzgüsüdür. Cəmiyyətimiz hansı haldadırsa, mətbuat da o gündədir. Açığı, mətbuatın bu qədər gözümçıxdıya salınmasında bizim də günahımız böyükdür. Görünür, özümüzə hörmət etməmişik. Birisi “reket” sözünü jurnalistlərə calaq edib. Hər dilənçiyə, müftəxora, mətbuata dəxli olmayana da “reket jurnalist” deyərək, özümüz öz ayağımıza sıxmışıq.

Əclaf həkim, rüşvətxor müəllim yoxdur?

Hansı peşə sahibləri belə bir əcaib termin kəşf edərək, əslində, o peşəni gözdən salıblar? Bizdən başqa kimsə!..

İndi də kimin hansı jurnalistin fəaliyyətindən xoşu gəlmir, o adı alnının ortasından yapışdırır. Hazırda mediamızın problemi tək bu deyil. Oturub sadalasaq, bir kitablıq mövzu çıxar. Ən böyük problem peşəkarlıqdır. Yaşlılar yorulub, gənc nəsil isə nə yetişmək istəyir, nə də işləmək… Hər kəs sanki gününü yola vermək üçün iş yerinə gəlir, gedir. Ayrıca, nə Həsən bəy Zərdabi, nə Mirzə Cəlil, nə də Üzeyir Hacıbəyov üzərində heç kimin haqqı yoxdur ki, “niyə filankəs özünü Zərdabinin davamçısı adlandırır”, – desin.

Yaza bilirsə, əli klaviaturaya yatırsa, jurnalistdirsə, onun da haqqı var o kişilərin nəvəsi olduğunu iddia etməyə. Bəyəm bütün nəvələr eyni olur?

Qısacası, bütün bunlar kimsəyə haqq vermir ki, hər fürsətdə qarşı cəbhədən gördüklərini təhqir etsinlər. Xüsusilə, hansı cəbhədə olursa-olsun, mövqeyi varsa, o insanları incitməməlisiniz, sataşmamalısınız. Əsas da, eviniz şüşədəndirsə, əlində qələm olanlara daş atmamalısınız.

Unudulduğu, tədbirlərə və müxtəlif media-turlara dəvət almadığı üçün incik düşən həmkarlarıma da bir neçə kəlmə sözüm var. Əziz həmkarlarım, 3-4 il əvvəl bir dostun dəvəti ilə media-tura getmişdik. Səfərin ikinci günü səhər yeməyini yeni bitirmişdik ki, “vatsap” qrupumuza həmin şirkət əleyhinə tələm-tələsik yazılmış bir yazı atdılar. Müxtəlif yanaşmalar oldu. Ancaq təvazökarlıqdan uzaq olsa da, mənim yanaşmam prosesi tam əhatə edirdi: “Tutuzdurammayıf”.

Bu il Gənclər Fondunun tədbiri xaric, heç bir media tura, qonaqlığa qatılmayan və ya qatıla bilməyən, gələn bütün təklifləri əməkdaşları arasında bölən biri olaraq, bu məsələdə “tutuzdura bilməyən” həmkarlarımıza səbrli olmağı tövsiyə edirəm. İnanın ki, yazılarınız, statuslarınız təşkilatçılardan daha çox o turlarda, qonaqlıqlarda iştirak edən həmkarlarınıza təsir edir. Heç şübhəniz olmasın ki, həmin statuslar bir çox qrup rəhbərləri tərəfindən o həmkarlarınıza göstərilir və “onu deyil, səni gətirdiyimiz üçün yazır” minnəti ilə üz-üzə qalır. Sizi başa düşürəm. Diqqət istəyirsiniz ki, bu da sizin haqqınızdır. Ancaq hökumətin müvafiq qurumları belə, mükafatlandırarkən, hər dəfə istədiyi və işlədiyi qrupa üstünlük verərkən, hər özəl şirkətin də seçim haqqı özünə aiddir. Onun üçün “niyə mənə yox” sualına cavab tapmalısınız. Tutalım, kimisə cəzalandırmaq istəyirsiniz. Əcəb edirsiniz. Ancaq onu bu gün etdikdə, çox kiçik görünürsünüz. Etməyin. Səbrli olmağı öyrənin. Vüsalə Mahirqızının dediyi kimi, onu elə eləmirlər… Əslində iki kiçik status yazacaqdım. Ancaq ürək dolu olunca, söz statusa sığmır… Son olaraq, ayrı-seçkilik etmədən bu günü öz bayramı hesab edən hər kəsi təbrik edirəm…

P.S.

22 iyul həm də mətbuatda bir yazısına rast gəlmədiklərimizin öz aləmində başqalarına “sözsoxma” günüdür. Biri həqiqi qələmləri təbrik edir, digəri satılmamışlara salam çaxır. Bütün bunlar isə Molla Nəsrəddinin məşhur lətifəsini yada salır:

“Mollanın iki buzovu var imiş. Buzovların ikisinin də burunlarının yellənmiş vaxtı olduğu üçün, qaçmasınlar deyə, Molla onların hər ikisini möhkəm-möhkəm bir ağaca bağlayıbmış. Bir dəfə, necə olursa, buzovlardan biri ipini qırıb qaçır. Molla tez bir ağac götürüb düşür ikinci buzovun üstünə, vur ki vurasan. Qonşulardan biri soruşur ki, ay Molla, o yazıq nə günahın sahibidi? Qaçana əlin çatmır, qalanı niyə döyürsən? Molla deyir ki, siz bunu tanımırsınız. Bilmirsiniz bu nə haramzadadı. Bu heç ondan geri qalan deyil. Yəqin bilin, əgər bu qırılsa idi, ondan da bərk qaçardı”.

Qısacası, kimə təklif gəlmədən necə davranacağı bəlli deyilsə, gəlin bu günü də gülərək, əylənərək yola verək getsin…

Aqil Ələsgər

www.yenicag.az

1325