“Ümumiyyətlə, münasibətlərə başladıqda əvvəlcədən qərara münasibətimizin əbədi olub-olmamasına qərar vermək lazımdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, münasibətlərin sarsılmaz olması üçün qarşı tərəfdən gözlədiklərimizi və qarşı tərəfə verə biləcəylərimizi əvvəlcədən müəyyən etmək lazımdır:
“Burada gözləntilər dedikdə, maddi vəziyyəti yox, qarşı tərəfə olan uyğunlaşma, dünyagörüşü, baxış-bucaq məsələləri nəzərdə tutulur. Bütün münasibətlərdə bu məsələlərə diqqət ayırmaq əsas şərtdir. Təbii ki, biz dünyagörüşümüzün, xasiyyətlərimizin uyğunlaşmadığı biri ilə münasibət qura bilmərik. Bəzən belə münasibətlərdə olur, lakin bu münasibətlər çox qısa bir müddətdə bitir”.
Sosioloq münasibətlərin pul-para üstündə yox, mənəviyyat üstündə qurulmasını əsas hesab edir:
“Bəzən münasibətləri var-dövlət xətrinə qururlar. Pul bitən kimi, münasibətlər də bitir. Ona görə bütün real münasibətlərin mənəviyyat üstündə qurulması əsas faktordur. Məhz elə müddəti az olan münasibətlərin əsl səbəbi də mənəviyyat üstündə qurulmamasıdır.
Beləliklə, yaxşı münasibət üçün hər iki tərəfin qarşılıqlı olaraq çalışması və bir-birini qiymətləndirməsi vacibdir. Bunu edən hər kəs xoşbəxt və uzunmüddətli münasibətə sahib olacaqdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov