D vitamini çatışmayanların yeri: D Liqası – Səxavət Məmməd yazır

Raxit xəstəliyi D vitaminin çatışmazlığından sümüklərin yumuşalmasına və zəifləməsinə verilən addır. Azərbaycan milli komandasının İsveçlə səfər oyununa bir qədər baxdım. O yerə qədər ki, Nəriman Axundzadə qapıçı ilə üz-üzə qalacaqdı ki, bilmədim ayağı-ayağına, yoxsa ayağı topa dolaşdı ki, top qabağa getmək əvəzinə arxaya getdi. Özümdən asılı olmayara, ayağa durub, “bu raxiti kim stadiona buraxıb” qışqırdım. Yaxşı, Nərimanın D vitamini çatışmır, bəs digərlərinin nəyi çatışır? Bir topa vitaminsizi stadiona buraxıblar ki, Azərbaycanı D liqasına düşməkdən xilas etsinlər. Əslində, D vitamini çatışmayanların yeri elə D liqasıdır.

Futbolçular qalıb bir kənara, şərhçi deyir ki, Azərbaycan ölüm-qalım oyununa çıxıb. Mətbuatımız da elə yazırdı ki, elə bil Azərbaycan millisini ölüm-qalımla məcbur üz-üzə qoyublar. O vitaminsizlər özləri gətirib bu həddə çatdırmışdı da… Lap hesab edək ki, abır-həya ediblər, özləri də son oyuna ölüm-qalım oyunu kimi baxırlar və bu hisslə meydana çıxıblar. Savaşan bir komanda gördükmü? Qətiyyən! Savaşmağı o yana rədd edək, bəs mübarizə aparan komanda gördükmü? Yox! Statistikaya baxıram, ölüm-qalım oyuna çıxan komanda cəmi 4 sarı vərəqə alıb. Bu tip oyunlara çıxan komandalar aqressiv futbol oynayır. Bu tip oyunlarda alınan qırmızı kartlar da mübarizlik əlaməti kimi görünür. Bizimkilər nə edirdi? Futbolu daha nə qədər çox təhqir etməyin yollarını axtarırdı. Raxit aqressivliyi də bu qədər olar.

Futbola, nə bilim idmana dövlət dəstəyi daim qabardılır, önəmli, əhəmiyyətli şeymiş kimi təqdim edilir. Dövlətin futbola, ümumiyyətlə, idmana niyə dəstəyi olmalıdır? Dövlət maksimum lobbiçiliyin edər, vergi probleminə əl atar, borcların bağlanmasında köməklik göstərər. Hansı idman federasiyasına baxırsan prezidenti bir məmurdur. Məmurlar öz işini bu qədər gözəl görür ki, idmana da əl atırlar? İdmana dövlət dəstəyini artıqlaması ilə edib. Misal üçün olimpiya mərkəzləri tikib, şərait yaradıb. Baxırsan Azərbaycan idmanındakı qədər milliləşdirilmə aparan ikinci bir ölkə yoxdur. Qoy boksda yumuruqlansın, güləşdə kürəyi yerə sürtülsün, ağzı əzilsin, qanı tökülsün. Əgər milliləşdirmə ilə bu iş olacaqdısa, dövlətə pul artıqlıq edirdi ki, o qədər mərkəzlər, stadionlar tikirdi? Yox, federasiya prezidenti olan bir məmur göstərməlidir ki, onun sahəsindən ölkəyə medal gəlib. O medal kimə lazımdır, nəyə lazımdır?

Bir neçə il əvvəl futbol tarixinin bəlkə də ən komik hadisəsi Azərbaycanda yaşandı. “Sumqayıt” klubu ilə “Neftçi” klubu prezidentlərini dəyişdi. Baş məşqçi yox, oyunçu yox, prezidentlərini. Təkcə bu fakt Azərbaycan futbolunun necə idarə olunduğunu ortaya qoyur. Deyirlər, “Neftçi” uğursuzluğa düçar olub. Klubun məmurlardan ibarət müşahidə şurası var. Mətbuat qarşısına ən çox çıxanı da təhsil naziri Emin Əmrullayevdir. Kobud yazacağam: Emin Əmrullayev Azərbaycan təhsilinin dalın-qabağın yığa bilib ki, “Neftçi”ni də toparlasın?

Futbolu inkişaf etdirmək istəyən ölkələr futbola azadlıq verərək buna nail olublar. SOCAR futboldan əlin çəkib, yerini özəl sektora verməlidir. Ölkədə bu qədər şirkət var, futbol klubları sponsor tapmır. “Qarabağ”, “Turan” buna ən gözəl misaldır.

Uşaq futbolu inkişaf etməyən ölkələrin də böyük futbolda iddialı olması qədər gülünc heç nə yoxdur. Bir neçə gün rayonlarda oldum, kəndlərin heç birində stadion yoxdur. Stadion olmayan yerdə uşaq futbol yox, bənövşə-bənövşə oynayar. Böyüyəndə də burcuda-burcuda gəzər.

Qəsəbəmizdə idim. Yaşlı adamlardan biri yaxınlaşıb dedi ki, haqqına çox girmişik. O vaxt stadion düzəltdirdiniz, hər axşam uşaqları yığıb futbola aparırdınız, biz də qınayırdıq. İndi uşaqlı-böyüklü hamısı telefondan çıxmır. Bəlkə, stadionu təmir etdirib, yenidən uşaqları başına yığasan, tez-tez gələsən…

Fernando Santosu tənqid edirik. Baş məşqçi kimi Fernando Santosu tənqid edə bilmərəm. Ronaldo, Pepe, Bruno kimi futbolçularla işləmiş adama Nərimanı, Mahiri, Bəhlulu verirsən ki, mənə uğur qazandır. Mahirə, Nərimana, Bəhlula baş məşqçi kimi Santosu gətirmək, ona 3-4 milyon maaş vermək ayıbdır. Belə futbolun başında durmaq nədir, mən yoruldum, onu da siz yazın…

COP29