Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DADP sədri: “Ermənilər “nağıl”lara inanmağı çox sevirlər”

unnamedDemokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Ermənistan hərbi birləşmələrinin son günlər cəbhədə atəşkəs rejimini pozmalarının səbəblərini belə şərh etdi:

“Son günlər Ermənistanla sərhəd rayonlarında və işğal olunmuş Azərbaycan torpaqlarında erməni silahlılarının aktivləşməsi, atəşkəsi müntəzəm şəkildə pozması Ermənistan hakimiyyətinin güc nümayişi deyil, sadəcə bataqlıqdan çıxmaq cəhdidir. Elə hal-hazırda Ermənistanda yaşanan olaylar da bunun bariz nümunəsidir. İşsizliyə, qiymət artımına etiraz edən erməni xalqını sakitləşdirmək, dünya mediasının diqqətini ölkədə baş verən etirazlardan yayındırmaq üçün Serj Sarkisyan hakimiyyəti əlacsızlıqdan bu yola əl atır.

Bu günlərdə(3-6 sentyabr) hərbi təlimlərə prezident səviyyəsində rəhbərlik ediləcəyi barədə mediaya məlumatlar ötürülməsi də erməni xalqının diqqətini buraya yönəltmək, xalqı işsizlikdən, qiymət artımından daha vacib problemlərin olduğuna inandırmaqdır.

Bütün bunlarsa heç bir müharibə və atəşkəs qaydalarına uyğun olmadan, çox çirkin formada aparılır. Ötən gün Tovuz rayonunda yaşayış yerlərinin atəşə tutulması nəticəsində Əlibəyli kənd sakinləri 87 yaşlı İsa Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayevavın yaralanması bu qəbildəndir. Ümumiyyətlə, bu, birinci belə hadisə deyil. Erməni hərbi-siyasi klanı öz gücünü yalnız dinc sakinlər üzərində sınamağa və bu zaman bütün beynəlxalq qanunları ayaq altına almağa öyrəncəlidir.

Digər tərəfdən, atəşkəs prinsiplərinə uyğun olmadan cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə edilməsi də Serj Sarkisyan hakimiyyətinin artıq son variantlara əl atmasını göstərir. Cəbhə bölgəsində təxribata meylli fəaliyyətləriylə Ermənistanda baş verən iqtisadi böhrana etiraz edən xalqı yumşaltmaq cəhdisə Azərbaycan ordusunun sayıqlığı nəticəsində iflasa uğrayır. Belə ki, Azərbaycanla sərhəd rayonlarında keçirilən təlimlər zamanı yerli əhalinin qorxuya düşüb öz evlərini tərk etməsi sıravi ermənilərin Ermənistan ordusuna və hakimiyyətinə inamsızlığının göstəricisidir.

Bu arada Azərbaycanın işğal olunmuş rayonlarında separatçı rejimin “yerli özünüidarə orqanlarına seçkilər”ə hazırlaşması isə heç bir beynəlxalq prinsiplərə uyğun gəlmir. “Seçkilər”in Dağlıq Qarabağın hüquqi statusunu dəyişəcəyini gözləmək sadəcə özünü aldatmaqdır. Lakin ermənilər “nağıl”lara inanmağı çox sevirlər”

 

www.yenicag.az

451