DADP sədri: “Gənclərimiz təşvişə düşməsinlər”

unnamed (8)“Hərbi təlimdən qorxmaq yox, ordunu sevmək lazımdır”

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov son günlər Azərbaycanda keçirilən hərbi təlimlərlə bağlı fikirlərini bölüşüb:

“Bu günlər keçirilən geniş miqyaslı hərbi təlimlər ermənilərin gözünü “açmalıdır”. Adi bir təlimə 65 min şəxsi heyət, yüzlərlə hərbi texnika cəlb edə bilən dövlətin müharibə zamanı hansı gücü ortaya qoya biləcəyini düşünmək elə də böyük mütəxəssis olmağı tələb etmir.

Digər məsələ isə bu təlimin bəzilərini narahat etməsidir. Azərbaycanın güclü dövlətə çevrilməsini istəməyən ölkələrin bu tip narahatlığını başa düşmək olar. Amma bəzi gənclərimiz də bu təlimdən təşvişə düşüblər. “Rahat həyatı sevən” bu gənclər orduya çağrıla biləcəklərindən narahat olublar. Özlərini “sülh göyərçinlər”i kimi göstərmək cəhdi də hər hansı sülh dəyərlərinə olan sevgidən deyil, qorxularındandır.

Əslində torpağı işğal altında olan ölkənin problemin həll yolu kimi yalnız sülh danışıqlarını görməsi təslimçilik mövqeyidir. Azərbaycan isə sülh danışıqlarına problemin həll yollarından sadəcə biri kimi baxır. Təbii ki, sülh yoluyla, danışıqlarla Qarabağ probleminin həll olunması yaxşı olardı. Ancaq bunu da yadda saxlamaq lazımdır ki, sülhə nail olmaq istəyən, müharibəyə də hazır olmalıdır. Bu baxımdan, Azərbaycan ordusunun bölgənin ən nəhəng təlimlərindən birinə imza atması qürurvericidir.

Bu təlimlərə dəstək vermək, müharibəyə hazır olmaq isə hər bir Azərbaycan vətəndaşının borcudur.Və bu gün cəmiyyətdə ordunun bu təlimlərindən qürurlanan, fəxr edən insanların sayı daha çoxdur. Ordu ilə xalqın bir olduğu ölkələrin dövlətçilik bünövrəsi daha güclü olur. Azərbaycanda da orduya olan sevginin artması, inamın güclənməsi çox müsbət haldır. Cəmiyyətdə gedən söhbətlər, insanların münasibətindən hiss olunur ki, ordu ilə xalq arasında birlik, bərabərlik var. Xalq ordunu özü bilir. Onun uğurlarını da, yüksəlişini də öz nailiyyəti bilərək, bununla qürur duyur. Təlimlərin başlamasından təşvişə düşən gənclərimizə isə sözüm budur ki, gənclərimiz təşvişə düşməsinlər. Hərbi təlimdən qorxmaq yox, ordunu sevmək lazımdır.

Bu təlimlər rəsmi İrəvana da, Ermənistan ictimaiyyətinə də güclü bir mesajdır”