Dağıdılmış kəndlər… Məhv edilmiş qəbristanlıqlar… və “Qasımın karyeri” uğrunda başlayan “savaş” – Səxavət Məmməd yazır / VİDEO

Ötən yazıda qeyd etmişdim ki, ermənilər Ağdamın rayon mərkəzinə qədər 5 müdafiə xətti qurublar. Həmin müdafiə xətləri və digər ərazilər həm də başdan-ayağa minalanıb. Ağdamda ANAMA-nın əməkdaşları ilə söhbət edirik. Onlar “İmarət” stadionunu və onun ətrafında təmizləmə işlər aparırdılar.

ANAMA əməkdaşları bildirirlər ki, Ağdamı xüsusi sıxlıqla minalayıblar. Az qala, şəhər mərkəzinə qədər hər yolda, hər küçədə minalar basdırılıb. “Təmizləyicilər” deyirlər ki, “sürpriz” minalara daha çox rast gəlinir. Yəni ermənilər minaların üzərinə köpük vurub, köpüyün üstündən də çınqıl daşlar yapışdırıb, əraziyə atıblar. Bu cür “sürpriz”lərlə harada, nə zaman qarşılaşacağınız ağlınıza belə gəlməz.

Bir neçə qəbiristanlığın ətrafında olduq. ANAMA əməkdaşları deyirlər ki, minalanmış sahələr arasında qəbiristanlıqlar ən təhlükəli yerdir. Ona görə də qəbiristanlıqlara girməyi heç kimə məsləhət görmürlər. Dağıntıya məruz qalmayan bir dənə də qəbiristanlığa rast gəlmədik. Məzarlıqların çoxunu sadəcə, dağıdılmış qəbir daşlarından ayırd etmək olur. Qəbirlərin üstündəki mərmərləri barbarcasına söküb aparıblar.

Doğulduğum Yusifcanlı kəndinə gedirəm. Uşaqlıq xatirəmlə kəndi tanıyacağımı düşünürdüm. Ancaq kəndi elə bir günə qoyublar ki, nəinki mənim uşaqlıq yaddaşımla, heç böyüklərin hafizəsi ilə də nəyisə xatırlayıb tanımaq olmur. Yollar dəyişdirilib, torpaq bəndlər qurulub və minalanıb.

Açığı, Ağdamın demək olar bütün kənlərində oldum, ancaq Yusifcanlı qədər dağıdılmış kənd görmədim. Uşaqlıq xatirələrimi isə kəndimizin yeni “obraz”ını gördüyüm an dəfn edəsi oldum.

Ağdam şəhəri və Uzundərəyə qədər olan yolda demək olar, hər yer əkilib-biçilib. Kəndlərin yerində taxıl zəmiləri boy qaldırıb. Bundan əlavə, hər zəminin yaxınlığında tikililərə baş çəkəndə, oranın anbar kimi istifadə edildiyini də görə bilirik.

Şahbulaq qalasını olduğu kimi görəndə, təəccübləndim. Nə əcəb qalanı məhv etməyiblər, deyə düşündüm. Şahbulaq qalası yerindədir. Həmçinin Şahbulaqdakı el arasında “Karyer Qasımın” karxanasını da uzun müddət istismar ediblər. Yəni təbii sərvətimizi geninə, boluna talayıblar. Düzdür, orada istifadə etdikləri texnikaların böyük hissəsini aparıblar, daşıya bilmədikləri isə qalıb.

Deyilənə görə, Qasımın o karxanası üstündə məmurlarımız indidən savaşa başlayıblar. Şahbulaqda diqqətimi çəkən daha bir məqam isə dağın ən yüksək nöqtəsində – el arasında “Koroğlunun evi” deyilən tikilinin erməni kilsəsinə çevrilməsidir. Ermənilər həmin abidəni kilsəyə çevirərək, ərazini turizm zonası kimi ayarlayıblar. Həmin dağın yamaca yaxın yerində yenə el arasında “Koroğlunun mağarası” deyilən mağara da durmaqdadır. Açığı, vaxt qıtlığından həmin mağaraya girə bilmədim. Növbəti dəfə bunu da gerçəkləşdirəcəm.

Şahbulaqdan Qızıllı Kəngərli kəndinin üzərindən paralel dağa qalın tros xətt çəkilib. Həmin trosda bir neçə metrdən bir əlavə maneələr asılıb. Zabitlər bildirirlər ki, bu da bir “müdafiə xətti”dir. Belə ki, helikopterlər alçaqdan uçarkən, həmin maneələr helikopterin pərlərinə ilişərək onu məhv edəcək. Əgər helikopterlər həmin trosun üzərindən uçacaqsa, radara düşəcək və vurulacaq.

O yerlərin əsl sahibləri isə illərdir, öz torpaqlarına, yurdlarına qayıtmağın həsrətindədir. Məsələ ondadır ki, qayıdıb, o yerləri, evlərini, kəndlərini, şəhərini görənlərin haldan-hala düşdüklərinin şahidi oluram. Dostlarımdan biri ilə kəndlərinə gedirik. Atasının qəbrini ziyarət etmək istəyir. Təxminən yarım saat axtarırıq, ancaq mərhumun qəbrini tapa bilmirik. Ermənilər torpaqları işğal etməklə yanaşı, Azərbaycana aid bütün izləri də bacardıqları qədər siliblər. Əllərində imkan olsa, torpağı da xurcunla daşıyarlarmış…

Növbəti yazıda Şahbulaqdan civarındakı kəndlərin vəziyyəti, rayonun flora və faunasına vurulan ziyanla bağlı yazacam.

Həmin gecəni isə əsgərlərimizlə birgə keçirdik.

Səxavət Məmməd