“Bu dəfə İranda soydaşlarımız ayağa qalxsa, şimallı-cənublu Azərbaycan birləşəcək. Bundan əvvəlki cəhdlər nəticə vermədi, bu dəfə geosiyasi vəziyyət də fərqlidir”.
Bu fikri İranın Azərbaycana qarşı apardığı informasiya savaşı, səfirin İran XİN-ə çağrılması və gələcəkdə baş verə biləcəkləri şərh edən sabiq millət vəkili, politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, İran Azərbaycanla təhdid dili ilə danışa bilməz, cəhdlərinin hamısı da puç olur:
“Azərbaycan istər qonşularla, istərsə də dünya dövlətləri ilə beynəlxalq hüquq çərçivəsində əməkdaşlıq edir. Bu balanslaşdırılmış platformadır. Azərbaycan qonşu dövlətlərin daxili və xarici işlərinə qarışmamaq siyasəti yürüdür. Azərbaycan digər dövlətlərlə olduğu kimi İranla da bu prinsiplər üzərindən münasibət saxlayır. İran qonşu dövlətdir, kommunikasiya xətlərimiz var və orada 40 milyona yaxşın soydaşımız yaşayır. Məsələ ondadır ki, soydaşlarımız İranda məhdud insan hüquqları çərçivəsində yaşayır.
Bir neçə müddət öncə İran telekanallarında mütəmadi olaraq Azərbaycan əleyhinə çıxışlar olurdu. Təkcə bununla da bitmirdi, hətta parlamentdə bəzi deputatlar, dini liderlər Azərbaycan haqqında neqativ fikirlər səsləndirirdi. Bu fikirlər İranda yaşayan azərbaycanlılara, əslində isə əsas mesajları Azərbaycan dövlətinə qarşı idi. Yekunda İranla Azərbaycan arasında memarandum imzalandı ki, media üzərindən bu cür hallar dayandırılsın.
Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. İran Azərbaycan sərhədi boyu hərbi təlimlər keçirməyə başladı. Xankəndinə sursatlar, narkotiklər daşıyırdılar. Rəsmi Bakı bununla bağlı dəfələrlə narazılığını bildirmişdi.
Azərbaycan işğaldan azad etdiyi torpaqlarda quruculuq işləri görmək üçün başqa ölkələrin şirkətlərini iş görməyə dəvət edir. Türk şirkətləri tikinti ilə məşğuldurlar, İsrail şirkətləri heyvandarlıq və süd məhsulları ilə məşğuldurlar. Bu yöndə çoxlu misallar çəkə bilərik. Azərbaycanın öz ərazisində atdığı hər addım İran dövlətini qıcıqlandırır. Bu, o deməkdir ki, onlar Azərbaycanın inkişafına qısqanclıqla yanaşırlar.
Dövlətimiz hazırda güclüdür və Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil. İlham Əliyevlə 5 il parlamentdə bir yerdə olmuşam. Onunla təhdid dili ilə danışmaq mümkünsüzdür.
İran dağılmağa məhkumdur. Bu dəfə soydaşlarımız ayağa qalxsa, şimallı-cənublu Azərbaycan birləşəcək. İranın özünü azərbaycanlılaşdırmaq lazımdır. Bunu İlham Əliyev bacaracaq”.
Səxavət Məmməd