1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndə minlərlə Azərbaycan ziyalısı sorğu-sualsız güllələndi. Bolşeviklər işğaldan sonra ziyalılarla birlikdə gəncləri hədəfə götürmüşdülər.
Səbəb aydın idi.
İki il azadlıq şərbətini dadan bir xalqın düşüncəli gənclərini məhv etməklə məğlub etmək olardı. 1920-ci il işğalından sonra Azərbaycanda bolşeviklərə qarşı onlarla gizli təşkilat quruldu. Bu təşkilatları quran gənclərin çoxu bolşevik-erməni xəfiyyələri tərəfindən məhv edilirdi. 1922-ci ildən başlayaraq xüsusi xidmət orqanları Bakıda və bölgələrdə gizli qurulan təşkilatların üzvlərini məhv etməklə məşğul idi. Lakin xüsusi xidmət orqanları gənclərdən qurulan bir şəbəkənin üzvlərini ələ keçirə bilmirdi. Xüsusi xidmət orqanları yalnız bu təşkilatın “İldırım” adlandığını bilirdilər. Çünki həbs edilən digər gizli təşkilatın üzvləri “İldırım” təşkilatın üzvlərini tanımırdılar. Bu təşkilatda 100-ə yaxın gənc var idi. Bu gənclərin böyük hissəsi Azərbaycan işğal edildikdən sonra yeni qurulan strukturlarda çalışır və təşkilata müxtəlif vasitələrlə kömək göstərirdilər. Təşkilatın gizli qalmasının əsas səbəbi, üzvlərin biri-birini tanımaması, başçılarının kim olduğunu bilməməsi idi. Gizli təşkilat 3-lü sistemlə işləyirdi. Bu o demək idi ki, təşkilata üzv olan şəxs yalnız 3 nəfəri tanıyırdı. Bu sistemi quran isə təşkilatın rəhbəri “İldırım” ləqəbi verilmiş Əhəd Əlizadə idi. Bütün güc strukturlarının axtardığı Əhəd Əlizadə kim idi?
Yenicag.az bu igid eloğlunun keçdiyi çətin həyat yolunu təqdim edir:
Əhəd Əlizadə 1903-cu ildə Qubadlı rayonunun Xalac kəndində dünyaya göz açmışdı. İlk təhsilini kənddəki molladan alan Əhəd Əlizadə hələ kiçik yaşlarından ərəb dilini mükəmməl öyrənir. Astronomiya elminin sirlərini öyrənən Əhəd 13 yaşında Naxçıvanda 1 il rus dilinin incəliklərinə yiyələnir. O, məhz Naxçıvanda yüksək fikirli ziyalılarla tanış olur. Onların sayəsində müsavatçı gənclərlə tanış olur. Bu tanışlıq onun gələcək həyatında mühüm rol oynayır. Hələ kiçik yaşlarından atasından atıcılığın sirlərini öyrənən Əhəd Əlizadə öz ötkəmliyi ilə seçilirdi.
28 May 1918-ci il Azərbaycan Demokratik Respublikasının qurulmasından sonra Əhəd bəy Şuşa şəhərində oxumağa göndərilir. Kursu müvəffəqiyyətlə başa vuran Əhəd bəy müxtəlif bölgələrdə müəllim işləyir. 1919-cu ildə o bir müddət Gəncədə müəllimlik edir. Burada Gəncənin bir çox ziyalıları ilə tanış olur. Güclü yaddaşa və fiziki gücə malik olan Əhəd bəy dostları arasında xüsusi hörmətə malik idi. 17 yaşlı gəncin savadı, yüksək dünyagörüşü onu tanıyanları heyran
1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndə Əhəd Əlizadə Zərdabda idi. 1920-ci ilin mayında Əhəd Əlizadə dostlarının çağırışı ilə Gəncəyə gedir. Gəncədə bolşeviklərə qarşı böyük bir savaşın olacağını eşidən Əhəd Əlizadə bu savaşda iştirak etmək üçün xüsusi hazırlaşır. 1920-ci il mayında Gəncədə başlayan üsyanda iştirak edən Əhəd Əlizadə üsyan yatırıldıqdan sonra gizli yolla Bakıya gəlir. Bakıda vəziyyətin olduqca gərgin olduğunu görən Əlizadə öz işi ilə məşğul olmağa başlayır. O, Bakıda müəllimlik edirdi. Lakin içindəki azadlıq eşqi onu 1921-ci ildə ən yaxın dostları ilə gizli təşkilat qurmağa sövq edir. 1921-ci ilin aprelində “İldırım” gizli təşkilatı yaradılır. Təşkilatın rəhbəri olan Əhəd bəyə “İldırım” ləqəbi verilir. Tezliklə təşkilata yüzlərlə yüksək təhsilə malik gənc üzv olur. Təşkilat 7 il ərzində öz məxfiliyini qoruya bilir. Rusların aramsız axtarışları öz nəticəsini vermir. Yalnız 1928-ci ildə təşkilatın 20-dən artıq üzvü həbs edildikdə Əhəd Əlizadə dostlarından da bir neçəsini götürərək Qubadlıya gedir. Lakin onların hər yerdə axtarıldığını başa düşən Əhəd bəy 1928-ci ildə dağlara çəkilərək qaçaqlıq etməyə başlayır. Əhəd bəy qaçaqlıq etdiyi dövrü öz xatirələrində belə qeyd edib: “1928-ci ildən 1930-cu ilədək dağlarda ruslara və ermənilərə qarşı savaşdıq. Bizim dəstədə 21 nəfər var idi. Ruslar demək olar ki, bizimlə bacarmırdı. Onların silahlı dəstələrini dağlarda bir neçə dəfə ağır məğlubiyyətə uğratdıq”.
Bu məğlubiyyətlər rusların səbr kasasını daşırırdı. 1929-cu ilin dekabrında rusların böyük dəstəsi qaçaqlarla döyüşə girir. Ruslar aldadılaraq tələyə salınır və bu döyüşdə 70-dən artıq əsgər itirirlər.
Qəzəblənmiş rus ordusu 1930-cu ildən bu dəstəni mühasirəyə salmaq və məhv etmək üçün xüsusi əməliyyat planı hazırlayır. Qaçaq dəstəsi Cəbrayıl rayonu ərazisində mühasirəyə alınır. Ağır döyüşdə dəstənin başçısı Əhəd Əlizadə ağır yaralanır. Lakin dəstə yerli əhalinin köməkliyi ilə Araz çayını keçərək İran ərazisinə daxil olur. 1 il İranda yaşayan Əhəd bəy 21 sadiq dostu ilə Türkiyəyə keçir. Əhəd bəy Tükiyə hökumətindən onun Van şəhərində yaşamasına icazə verilməsini istəyir. Onun istəyi yerinə yetirilir. Əhəd bəy Türkiyədə özünə Ural soyadını götürür. Van şəhərində məskunlaşan Əhəd bəy burada ailə qurur. 5 övlad atası olan Əhəd Ural Türkiyədə uzun illər iqtisadiyyat sahəsində çalışır. Ancaq Əhəd Ural burada da öz dostlarını unutmurdu. Mütamadi onlarla əlaqə saxlayırdı. Məşhur Azərbaycan şairi Almaz İldırım Türkiyəyə mühacirət etdikdə məhz onun evində qalıb. 1934-cü ildə 10-15 gün Əhəd bəyin evində qaldıqdan sonra Almaz İldırım Elazığa yollanır.
Van şəhərində mühasib kimi çalışan Əhəd Ural 1977-ci il dekabrın 20-də vəfat edir. Cəsur eloğlumuz Akköprü qəbiristanlığında dəfn edilib.
Qoşqar Salmanlı