Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində bu gün günorta saatlarında söndürülüb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara əsasən, təqribən, 35 hektar ərazidə quru ot və kol-kos yanıb.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib.
Hazırda bəzi yerlərdə soyutma tədbirləri görülür.