Azərbaycana səfərə gələn ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyunun Bakıda Dağlıq Qarabağ münaqişənin mürəkkəbliyi haqda səsləndirdiyi fikirləri narazılıq doğurub.
Amerikalı generalın fikirləri ilə bağlı Yeniçağ.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Dağlıq Qarabağ problemi mürəkkəb münaqişə deyil. Onun sözlərinə görə, bu ifadə nədənsə, ATƏT-in Minsk qrupu həmsədrlərinin dilində çeynənmiş sözlərə çevrilib: “Çünki bu münqaişənin həllinə tətbiq olunan alətlərə beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşılsaydı, burada mürəkkəblikdən söhbət getməzdi. Birmənalı olaraq, bu dövlətlər Dağlıq Qarabağ və işğal olunan ətraf ərazilərin Azərbaycana məxsus olmasını vurğulamalıdırlar. Bu torpaqlar BMT tərəfindən Azərbaycan əraziləri kimi tanınıb. Belə olan halda Dağlıq Qarabağ və ətraf ərazilər işğal olunmuş torpaqlar kimi təsbit olunmalıdır. Əgər ortada işğal faktı varsa, demək, işğalçı da var. Beynəlxalq hüquqa görə, işğalçı tərəf qeyd-şərtsiz işğal etdiyi torpaqlardan dərhal çıxarılmalıdır. Əgər çıxarılmırsa, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dərhal adekvat təzyiqlər olmalıdır. Bu istiqamətdə 1993-cü ildə 4 qətnamə qəbul edilib. Beynəlxalq hüququn təminatçısı olan böyük güclər qəbul olunan qətnamələrin yerinə yetirilməsinə çalışmalıdırlar. Öz geosiyasi maraqlarını güdən böyük dövlətlərin təmsilçilərinin münaqişənin həlli ilə bağlı bu tip açıqlamaları absurddur. Ona görə də Dağlıq Qarabağ problemi mürəkkəb münaqişə kimi təqdim olunur. Bu münaqişənin mürəkkəbliyi ondadır ki, onu yaradan Rusiyadır. Əgər münaqişəni yaradan və bu gün onun həllində tormozlayıcı rola malik olan Rusiyadırsa, onda ABŞ beynəlxalq hüquqdan çıxış edərək, tələbini ortaya qoysun”.
N.Miri əlavə edib ki, beynəlxalq hüquqda münaqişələrə fərqli yanaşma anlayışı yoxdur: “Amma Dağlıq Qarabağ münaqişəsinə gəldikdə böyük güclər özlərindən prinsiplər tətbiq edirlər. Krımla bağlı isə fərqli davranış ortadadır. Bu mənada amerikalı generalın Dağlıq Qarabağ münaqişənin mürrəkkəbliyi ilə bağlı ifadəsi qəbuledilməzdir. Bu, özlərinin vasitəçi kimi fəaliyyətsizliyinə fərqli don geyindirməkdən başqa bir şey deyil”.
BƏXTİYAR
Yeniçağ.Az