“Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir” – BSU bu bəyanat müəllifinin fəxri doktor ünvanını geri ala biləcək?
5 oktyabr 2016-cı ildən bəri VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasındakı Ədalətli Rusiya fraksiyasının rəhbəri Sergey Mixayloviç Mironov “Rusiyanın ərazilərini genişləndirməyə nail olmalıdır” deyə, bəyanatla çıxış edib.
Yenicag.az xəbər verir ki, onun rəhbərlik etdiyi partiya keçmiş SSRİ məkanında harada separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçib.
Sergey Mironov bəyanatında bildirib ki, Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və keçmiş Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir.
Onun sözlərindən belə çıxır ki, 30 ilə yaxın bir müddətdə ərazisi işğal altında olan Azərbaycan üç minə yaxın şəhid, 10 minə yaxın yaralı verərək işğaldan azad etdiyi torpaqları Rusiyaya hədiyyə etməlidir.
Bu fikrin sahibi olan Sergey Mironov Bakı Slavyan Universitetinin (BSU) Fəxri doktorudur. Çox maraqlıdır ki, Sergey Mironova Fəxri doktor adı Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində, iki xalq arasında mədəni və mənəvi əlaqələrin genişlənməsində, regionda sülh və razılığın əldə olunmasında göstərdiyi şəxsi xidmətlərinə görə 23 may 2002-ci il tarixində verilib.
Əldə etdiyimiz məlumata görə, Sergey Mironovun bu bəyanatı BSU-nun müəllim heyəti tərəfindən birmənalı qarışlanmayıb. Müəllimlər ondan bu adın alınmasını istəyirlər.
BSU rəhbərliyinin məsələ ilə bağlı hansı addımı atacağı maraqla gözlənilir.