Daha 161 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsi ilə bağlı QƏRAR

Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclası keçirilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, iclasda dövlət başçısının şəhid ailələrinə növbəti xüsusi qayğısının göstəricisi olan 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanın icrası istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Qeyd edilib ki, şəhid hərbi qulluqçuların vərəsələrindən notarial qaydada qəbul edilən sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülür. Nazirlikdəki işçi qrupu tərəfindən bu sənədlər diqqətlə təhlil edildikdən sonra müvafiq qərar verilməsi üçün Komissiyaya təqdim olunur.

İclasda işçi qrupunun təqdim olunmuş sənədlərlə bağlı məlumatı dinlənilib. Komissiya daha 161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib.

Beləliklə, bu günədək artıq 608 şəhid hərbi qulluqçu üzrə 825 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 473 şəhid hərbi qulluqçu üzrə 474 vərəsə də ödənişlə təmin olunub.