Daha bir bank çətin durumdadır – Foto

images (1)Ötən ilin dekabrında manatın dollara nisbətən 50 faizədək dəyər itirməsi bir neçə bankın bağlanmasına səbəb oldu, qalanlarını isə ciddi maliyyə problemləri ilə üz-üzə qoyub.

Musavat.com xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı (AMB) “Yunayted Kredit Bank” ASC, “NBC Bank” ASC, “Gəncə Bank” ASC və “Bank of Azerbaijan”ın lisenziyalarını ləğv edib.

Bu bankların lisenziyaları onların məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, kreditorlar qarşısında öhdəliklərini icra edə bilmədiklərinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiklərinə görə ləğv edilib.

Hazırda fəaliyyət göstərən bankların əksəriyyətində problemli müştərilərinin sayı çoxalıb. İş yerlərinin bağlanması, vətəndaşların gəlirlərinin azalması kredit ödənişlərinə də təsir edib.

Əsas problem isə dollarla götürülən kreditlərin ödənilməsində müşahidə olunur. Dollarla verilən kreditlərin köhnə məzənnə ilə hesablanacağı deyilsə də, bu rəsmən təsdiqini tapmadı. Bankların müştərilərə güzəşti isə aylıq ödənişləri azaltmaqdan ibarət oldu. Çətin durumda olan banklar çıxış yolu olaraq, ixtisarlara başlayıb, bəzi banklar bir neçə filialını bağlayıb, əksər banklar isə kredit verilişini dayandırıb.

Azərbaycanda ən çox istehlak kreditləri verən banklardan biri də “Bank Of Baku”dur. Bank nağd kredit götürən müştərilərinin böyük əksəriyyətini kredit kartları ilə də təmin edib. Devalvasiya artıq bankın bir neçə layihəsini ixtisara salmasına səbəb olub.

Bank artıq “Dostlar klubu” layihəsini dayandırıb, “Bolkart”larda isə istifadə limitini azaldıb. Daimi kredit müştəriləri üçün nəzərdə tutulan “Dostlar klubu” layihəsi çərçivəsində müştərilərə verilən “Qızıl” və “Gümüş” kartlardan istifadə tam dayandırılıb. Bu kartlardan istifadə edən müştərilər götürdükləri məbləği bir ay sonra müəyyən faizlə geri ödəyirdilər.

Artıq növbəti aydan müştərilər bankın bu xidmətindən istifadə edə bilməyəcəklər. Bu barədə müştərilərə xəbərdarlıq mesajı da göndərilib. Bankın rəsmi facebook səhifəsindən müştərilərə bildirilib ki, kartların yenidən nə zaman istifadəyə veriləcəyi barədə dəqiq məlumat yoxdur.

Bankın 300 minə yaxın “Dostlar klubu”ndan istifadə edən müştərisi var idi. Hər bir müştəriyə minimum 150 manat nağd istifadə limiti olan kartlar verilmişdi.

“Bank of Baku”nun ən geniş yayılmış və ən çox istifadəçisi olan layihəsi isə “Bolkart”dır. Artıq bank tərəfindən “Bolkart”dan istifadə edən müştərilərə verilən limit azaldılıb. Son 6 ay müddətində istifadə olunmayan kartlar isə bağlanıb.

Müştərilərin istifadə etdiyi 300-500 manat limiti olan kartların limiti 200 manata endirilib. 2 min manat limiti olan kartlarda isə maksimum istifadə limiti 750 manat məbləğində müəyyənləşdirilib.

Bank artıq şənbə günləri də fəaliyyət göstərməyəcək. Əvvəllər şənbə günləri nahar fasiləsinə qədər işləyən bankın filialları və baş ofisi bundan sonra həftənin yalnız 5 iş günündə fəaliyyət göstərəcək.