Daha bir liposaksiya əməliyyatı faciə ilə bitdi – Tanınmış ginekoloqun müəmmalı ölümü – TƏFƏRRÜAT

Azərbaycanda əməliyyat zamanı daha bir xəstə ölümü baş verib. Bu dəfə əməliyyat masasından qalxa bilməyən şəxsin özü də həkimdir.

Yenicag.az xəbər verir ki, “Baku Medical Plaza”da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib.

Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.

Məsələ ilə bağlı “Baku Medical Plaza”nın mətbuat xidmətindən Bakupost.az-a xəbəri təkzib etməyiblər: “Həkimlə əlaqə saxlayıb, sizə məlumat verəcəyik”. Daha sonra zənglərə cavab verilməyib.

Əməliyyatı icra edən Siruz Qoçxani ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonunu götürən xanım köməkçisi olduğunu deyib və həkimin əməliyyatda olduğunu bildirib.

Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman “Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

Son zamanlar bir çox gənc qız və qadınları üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır. Qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.

Əldə olunan məlumata görə, Sona xanım Azərbaycanda öz sahəsi üzrə ən peşəkar kadrlardan hesab olur.

Medicina-nın məlumatına görə, S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Hazırda onun vəziyyətinin kritik olduğu bildirilir. Ailəyə yaxın olan şəxslərin sözlərinə görə, bu, Cəmil Gürgünün ikinci infarktıdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə bildirib ki, hadisə özəl klinikada baş verdiyi üçün nazirlik bu məsələyə baxmır:

“Həmin hadisə özəl klinikada baş verib, özəl klinikalar isə nazirliyin tabeçiliyində deyil”.

Qeyd edək ki, Sirus Qoçxaninin köməkçisi yaxın günlərdə dünyasını dəyişən həkimin ailəsi ilə birgə mətbuata açıqlama verəcəklərini bildirib.

 

COP29