Daha bir qəza: Nənə və nəvə öldü

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb. “Niva” markalı avtomobilin aşması nəticəsində nənə və nəvə ölüb.

Məlumata görə, qəzada avtomobili nəvənin – 15 yaşlı Elzaməddin Vəliyevin idarə etdiyi bildirilsə də, polisin araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs onun babası, Gədəbəy rayonunun Əlinağılar kənd sakini, 1953-cü il təvəllüdlü Zirəddin Vəliyev olub.

Onun idarə etdiyi “Niva” markalı avtomobilin yolun kənarına aşması nəticəsində avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva və onların nəvəsi 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev Hadisə yerində ölüb. Sürücü və digər sərnişin, onun oğlu 1974-cü il təvəllüdlü Qalib Vəliyev isə yüngül xəsarət alıblar.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır. (Apa)