Daha bir qurum sürücülərə xüsusi hazırlıq keçəcək

Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən şəxslərə və taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlığı Bakı Nəqliyyat Agentliyi ilə yanaşı, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi keçirəcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, həmin Qanunun 27.3-cü maddəsinin dördüncü cümləsində “orqan (qurum)” dedikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən şəxslərə və taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi nəzərdə tutulur.

Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər müəyyənləşib. Həmin Qanunun 27.3-cü maddəsində deyilir ki, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir./Report/

COP29