Daha bir yol bağlanır

images_3_1430374379esasBu gün Ələt-Astara magistralının Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissəsində “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.

Bu haqda məlumat “Azəryolservis” ASC-nin saytında yer alıb.
Məlumata görə, işarələnmə işləri saat 10:30-dan axşam saat 17:00-dək davam edəcək. Göstərilən müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Ziya Bünyadov prospektindən başlanılıb. Prospektdə “Oyunlar zolağı”nın çəkilişləri artıq tam olaraq yekunlaşdırılıb.

Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək. I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.