Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mayın 19-u səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, məhdudlaşdırma təqribən yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənədək qüvvədə saxlanılacaq.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddətə aparılaraq yekunlaşdırılması planlaşdırılır.
Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək. Sürücülərdən qəsəbədaxili digər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yeniçağ.az