Daha dörd məktəb və iki bağçada dərslər dayandırıldı

Paytaxtdakı 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a verilən məlumata görə, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVIID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Daha üç məktəb və iki bağçada da dərslər dayandırılıb.

Belə ki, Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey, Şabranda iki məktəbdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma aşkar edilib.

Bu səbəbdən həmin məktəblərdə dərslər distant formada davam etdiriləcək.

Eyni zamanda, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb.